Uqanda hakimiyyəti Konqo Demokratik Respublikası ilə sərhədlərin dərhal bağlanması barədə qərar qəbul edib.
NTV yerli mediaya istinadla xəbər verir ki, bu addım Konqoda Ebola virusuna yoluxma hallarının artması və bunun Uqanda ərazisinə də keçməsi fonunda atılıb. Qərar Uqandada Ebola ilə mübarizə üzrə yerli işçi qrupu tərəfindən qəbul olunub. Bildirilib ki, mayın 15-də Konqoda epidemiyanın elan edilməsindən əvvəl həmin ölkədən gələn xəstələrlə təmasda olmuş səhiyyə işçiləri arasında virusa tutulma halları artıb.
Uqanda hökuməti indiyədək ölkədə Ebola virusuna 7 yoluxma halının təsdiqləndiyini açıqlayıb. Yoluxanlar arasında 59 yaşlı kişinin mayın 14-də paytaxt Kampala şəhərində vəfat etdiyi qeyd olunub.
Rəsmi məlumatlara görə, ölkədə qeydə alınan yoluxmaların sayı sabit qalsa da, xəstələrlə təmasda olan şəxslərin, xüsusilə də tibb işçilərinin sayı artır. Bu səbəbdən hakimiyyət orqanları virusun yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirləri daha da sərtləşdirib.
