Litvanın Qeydiyyat Mərkəzinin sistemindən ölkənin xarici işlər naziri Kyastutis Budrisə və onun ailə üzvlərinə aid məlumatlar oğurlanıb.
NTV LRT telekanalına istinadən xəbər verir ki, bu barədə nazir məlumat verib.
Nazirin sözlərinə görə, söhbət dövlət reyestrlərində olan məlumatlardan gedir. Litva Baş Prokurorluğu daşınmaz əmlak reyestrindən mülkiyyətçilərin şəxsi kodları da daxil olmaqla 600 mindən çox qeydin sızması ehtimalını araşdırır.
Budris bu məlumatların dövlətə düşmən subyektlərin maraqları xeyrinə istifadə oluna biləcəyindən narahatlığını bildirib. O qeyd edib ki, xüsusi xidmət orqanları qiymətləndirmələrinə görə, oğurlanmış məlumatlar belə strukturların əlinə keçə bilər.
Daha əvvəl Litva Prezidenti Gitanas Nauseda da məlumat sızmasının qurbanı olduğunu bildirərək, baş verənləri "düşmən dövlətlərin mümkün fəaliyyəti" adlandırıb.
