Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar.
NTV xəbər verir ki, açıqlamalarda razılaşmanın Yaxın Şərqdə sabitliyin möhkəmlənməsinə, qlobal iqtisadi fəallığın bərpasına və Hörmüz boğazında sərbəst gəmiçiliyin azadlığının təmin olunmasına töhfə verəcəyi bildirilib.
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Vaşinqton ilə Tehran arasında razılaşmanın əldə olunmasını yüksək qiymətləndirərək deyib: “Bu bahalı müharibənin başa çatacağına və Hörmüz boğazında naviqasiya azadlığının tam bərpa olunacağına ümid edirəm. Silahlar susmalı, mövcud fikir ayrılıqları beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həll edilməlidir”.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də razılaşmanın sürətli icrasının vacibliyini vurğulayaraq bildirib: “Prioritet məsələ artıq bütün tərəflərin bu razılaşmanı tez və tam şəkildə həyata keçirməsidir. Bu sənəd Hörmüz boğazının dərhal yenidən açılmasına imkan verməli və azad gəmiçilik bərpa olunmalıdır. Bu, regional sabitlik və dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır”.
Razılaşma Almaniya tərəfindən də yüksək qiymətləndirilib. Almaniya Kansleri Fridrix Merts razılaşmanı mühüm diplomatik nailiyyət kimi dəyərləndirərək qeyd edib: “Bu addım qlobal iqtisadiyyatın yenidən canlanmasına və daha təhlükəsiz Yaxın Şərqin formalaşmasına yol aça bilər. Onun qətiyyətlə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.
Almaniya Xarici İşlər Nazirliyi isə razılaşmanın bütün region üçün bir imkan olduğunu vurğulayıb, Hörmüz boğazında gəmiçiliyin sərbəst və heç bir məhdudiyyət olmadan təmin edilməsinin vacibliyini qeyd edib.
Bu açıqlamalar göstərir ki, Avropa siyasi elitası bu sazişi təkcə regional gərginliyin azaldılması deyil, həm də qlobal iqtisadi təhlükəsizliyin qorunması kontekstində nəzərdən keçirir. Xüsusilə Hörmüz boğazının yenidən beynəlxalq gəmiçiliyə açılması dünya ticarəti və enerji daşımaları üçün həlledici addım kimi qəbul olunur. Bununla belə, bəyanatlar Avropanın gələcəkdə enerji asılılığından qorunmaq üçün tədarük yollarını şaxələndirmək niyyətində olduğunu və regionda tam sabitliyin təmini üçün İranın nüvə-ballistik proqramları, həmçinin Livan böhranı kimi fundamental problemlərin həllini vacib hesab etdiyini nümayiş etdirir.
