Fransada Paris Apellyasiya Məhkəməsi yanında baş prokuror Mari-Süzan Lö Ko bildirib ki, Milli Birlik Partiyasının lideri Marin Lö Pen 2027-ci il prezident seçkiləri üzrə kampaniyasına elektron nəzarət qolbağı olmadan başlayacaq.
NTV xəbər verir ki, onun sözlərinə görə, Kassasiya Məhkəməsinə edilən şikayət apellyasiya instansiyasının hökmünün icrasını müvəqqəti dayandırır.
TF1 telekanalına müsahibəsində baş prokuror bildirib: “Kassasiya şikayəti verildiyi andan etibarən Apellyasiya Məhkəməsinin qərarını icra etməyəcəyəm. Buna görə də Marin Lö Pen seçki kampaniyasına elektron qolbaq olmadan başlayacaq”.
Mari-Süzan Lö Ko əlavə edib ki, əgər Kassasiya Məhkəməsi 2027-ci il prezident seçkilərindən əvvəl qərar qəbul edərək hökmü qüvvədə saxlasa, Marin Lö Pen kampaniyanın son mərhələsində elektron qolbaq daşımalı ola bilər. Həmçinin o, prezident seçilsə və qərar bundan sonra çıxarılsa, dövlət başçısının toxunulmazlığı səbəbindən cəzanın icrası təxirə salınacaq.
Paris Apellyasiya Məhkəməsi Marin Lö Peni Milli Birlik Partiyasının Avropa Parlamentindəki köməkçiləri ilə bağlı iş üzrə təqsirli bilib. Məhkəmə onun seçilmək hüququndan məhrumedilmə müddətini azaldaraq, 2027-ci il prezident seçkilərində namizədliyini mümkün sayıb. Lö Pen üç il müddətinə azadlıqdan məhrum edilib, bunun bir ili elektron qolbaq altında çəkilməli, həmçinin 100 min avro cərimə ödənilməlidir.
Qərardan sonra Marin Lö Pen Kassasiya Məhkəməsinə müraciət etdiyini açıqlayıb və bunun apellyasiya hökmünün icrasını dayandırdığını bildirib. O, eyni zamanda, 2027-ci il prezident seçkilərində namizədliyini rəsmən təsdiqləyib.
Bunun ardınca Milli Birlik Partiyasının lideri seçki kampaniyasının rəsmi internet səhifəsini istifadəyə verib və kampaniyasının şüarını – “Fransa üçün dirçəliş” təqdim edərək, prezidentlik yarışına start verdiyini elan edib.
