Avropa İttifaqı (Aİ) heyvandarlıq sektorunu iqlim dəyişikliyi, heyvan xəstəlikləri və artan istehsal xərclərinə qarşı daha dayanıqlı etmək məqsədilə ilk genişmiqyaslı strategiyasını hazırlayıb.
NTV xəbər verir ki, Aİ Komissiyası heyvandarlıq sektorunun uzunmüddətli perspektivdə güclü və davamlı inkişafını təmin etmək məqsədilə hazırladığı “Heyvandarlıq Strategiyası” və “Protein üzrə Fəaliyyət Planı”nı ictimaiyyətə təqdim edib.
Strategiyaya əsasən, Aİ-də heyvandarlıqla məşğul olan təsərrüfatların iqtisadi, ekoloji və bazar risklərindən irəli gələn çətinliklərin aradan qaldırılmasına dəstək veriləcək. Heyvandarlıq sektorunun böhranlara qarşı dayanıqlığı artırılacaq, rəqabət qabiliyyəti gücləndiriləcək, davamlı inkişaf təşviq olunacaq, kənd ərazilərində istehsalın qorunması təmin ediləcək və Avropa istehsalında keyfiyyət standartları yüksəldiləcək. Bu məqsədlə risklərin idarəolunması mexanizmləri təkmilləşdiriləcək, yeni və təkrar sığorta sisteminin tətbiqi nəzərdən keçiriləcək. Bununla yanaşı, üzv dövlətlərə heyvan xəstəliklərinin təsirlərinin idarəolunması istiqamətində dəstək göstəriləcək, xəstəliklərin qarşısının alınması, erkən aşkarlanması və operativ müdaxilə imkanları genişləndiriləcək.
Aİ Komissiyası sektorun gəlirliliyinin artırılması, innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsi, rəqabət qabiliyyətinin və dayanıqlığın gücləndirilməsi istiqamətində də fəaliyyət göstərəcək. Eyni zamanda, maliyyə resurslarına çıxışın asanlaşdırılması, qəfəssiz heyvandarlıq sistemlərinə keçidin dəstəklənməsi, dairəvi iqtisadiyyat prinsiplərinin geniş tətbiqi və fermerlərin gəlirlərinin qorunması üçün tədbirlər həyata keçiriləcək. Avropanın müxtəlif regionlarında tətbiq olunan heyvandarlıq modelləri nəzərə alınmaqla davamlı inkişaf problemlərinin həlli üçün regional yanaşmalar hazırlanacaq. Heyvanların rifahı ilə bağlı qaydalar elmi əsaslar üzrə yenidən nəzərdən keçiriləcək. Yeni tələblərin tətbiqi üçün kifayət qədər keçid müddəti müəyyən ediləcək və maliyyə dəstəyi göstəriləcək.
Bundan əlavə, Aİ təsərrüfat səviyyəsində heyvandarlıqdan yaranan istixana qazı emissiyalarının hesablanması üçün uyğunlaşdırılmış metodlar hazırlayacaq. İqlim dəyişikliyi ilə mübarizə tədbirləri, qida maddələrinin səmərəli idarəolunması və təbii resurslardan davamlı istifadə təşviq ediləcək. Xüsusilə tərkedilmə riski yüksək olan həssas bölgələrdə davamlı heyvandarlığın yenidən inkişaf etdirilməsi məqsədilə üzv dövlətlərlə birgə xüsusi fəaliyyət planı hazırlanacaq.
Aİ-də istehsal olunan davamlı heyvandarlıq məhsulları təşviqat siyasəti, coğrafi göstəricilər, “Avropa məhsulu al” kampaniyası və ekoloji təmiz istehsal sistemləri vasitəsilə dəstəklənəcək.
Strategiya ilə birlikdə qəbul edilən “Protein üzrə Fəaliyyət Planı” Avropanın idxal olunan protein yemlərindən asılılığını azaltmağı hədəfləyir.
Aİ Komissiyasının məlumatına görə, 2025-ci ildə Aİ-də heyvan yemində istifadə olunan yağlı toxumların və protein bitkilərinin cəmi 25 faizi birlik daxilində istehsal olunub. Yeni plana əsasən, 2035-ci ilədək bu göstəricinin 35 faizə çatdırılması nəzərdə tutulur. Bunun üçün yerli protein bitkilərinin istehsalı dəstəklənəcək, təchizat zəncirləri möhkəmləndiriləcək və protein bitkilərinə yatırımlar artırılacaq.
Aİ-nin məlumatına əsasən, heyvandarlıq sektoru birliyin kənd təsərrüfatında yaradılan əlavə dəyərin təxminən 40 faizini formalaşdırır və illik dövriyyəsi 400 milyard avroya çatır. Sektor təxminən 4 milyon təsərrüfatda 7 milyon nəfərin məşğulluğunu təmin edir.
2025-ci ilin göstəricilərinə görə, Aİ-də 132 milyon donuz, 72 milyon iribuynuzlu heyvan, 54 milyon qoyun, 10 milyon keçi və təxminən 1,6 milyard ev quşu var.
