satellite   Azerspace-1: 11135 H 30000

Bu gün bir çox ölkədə Beynəlxalq Fotoqraflar Günü kimi qeyd olunur

Bu gün bir çox ölkədə Beynəlxalq Fotoqraflar Günü kimi qeyd olunur

İyulun 12-si dünyanın bir sıra ölkəsində Beynəlxalq Fotoqraflar Günü kimi qeyd edilir. Bu gün rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə belə fotoqrafiyanı öz peşəsi və həyat amalına çevirən insanlara həsr olunub.

NTV xəbər verir ki, Beynəlxalq Fotoqraflar Günü katolik ənənəsinə görə fotoqrafların himayədarı hesab olunan Müqəddəs Veronikanın anım günü ilə əlaqələndirilir. Rəvayətə görə, Müqəddəs Veronikanın yaylığı üzərində əks olunan İsa Peyğəmbərin möcüzəvi surəti tarixdə ilk "şəkil" nümunəsinin rəmzi hesab edilir.

Sonralar Müqəddəs Veronikanın örtüyü Romaya aparılır və "Əllə yaradılmamış müqəddəs surət" kimi tanınmağa başlayır.

Orta əsrlərdə demək olar ki, hər bir kilsədə Müqəddəs Veronikanın müqəddəs örtüyü ilə təsviri mövcud idi. O, bu gün də aktuallığını itirməyib.

Tədqiqatçılar hesab edirlər ki, Veronika adı latınca "vera icon" – yəni "həqiqi surət" ifadəsindən yaranıb. Bu ad Veronikanın örtüyündəki Məsih təsvirini digər müqəddəs təsvirlərdən fərqləndirmək üçün işlədilib. Müqəddəs Veronika haqqında rəvayətə ilk dəfə IV–V əsrlərə aid edilən "Pilatın əməlləri" adlı apokrif mətnlərdə rast gəlinir.

 

Bu günün daha bir rəmzi məqamı isə odur ki, 1854-cü il iyulun 12-də məşhur Kodak şirkətinin banisi Corc İstman dünyaya gəlib. Onun fəaliyyəti sayəsində fotoqrafiya geniş kütlələr üçün əlçatan olub və müstəqil incəsənət növü kimi inkişaf etməyə başlayıb.

 

Son illərdə Beynəlxalq Fotoqraflar Günü dünyanın müxtəlif ölkələrində getdikcə daha çox populyarlıq qazanır. Bu münasibətlə ailəvi foto tədbirləri, tanınmış fotoqrafların ustad dərsləri, portfolioların müzakirəsi, müxtəlif müsabiqələr, sərgilər, foto-kvestlər və digər maraqlı proqramlar təşkil olunur.

 

Bu gündə insanlar fotoqrafiya sənəti ilə yaxından tanış olmaq, ilk fotoşəkilləri və qədim fotoaparatları görmək, fotoqrafiya texnikasının inkişaf mərhələlərini izləmək imkanı əldə edirlər. Ənənəyə görə, xatirə şəkilləri çəkilir və sosial şəbəkələrdə paylaşılır.

 

Fotoqraflar üçün bu gün yaxınlarından təbrik və hədiyyə almaq da xüsusi əhəmiyyət daşıyır. Yaradıcılıq peşəsi olduğu üçün hədiyyələrin də fərqli və faydalı olması tövsiyə edilir. Məsələn, maraqlı vizual effektlər yaradan linza kürələri, sualtı çəkiliş qutuları, hava şəraitindən qoruyan örtüklər, fotofonlar və digər fotoaksesuarlar yaxşı seçim hesab olunur.

 

Bununla yanaşı, fotoqrafiyanın daha bir beynəlxalq bayramı da var. Ümumdünya Fotoqrafiya Günü hər il avqustun 19-da qeyd olunur və dünyanın bir çox ölkəsində böyük maraqla qarşılanır.

 

Məhz 1839-cu il avqustun 19-da Fransa hökuməti fransız kimyaçı və ixtiraçı Luis Jak Mande Dagerin tarixdə ilk praktiki və geniş yayılmış fotoqrafiya üsulu olan dagerotip üsulu üzrə patentini satın alaraq həmin ixtiranı bütün bəşəriyyətə təqdim etdi. Bununla da geniş ictimaiyyət ilk praktik fotoqrafiya üsulu və müasir fotoqrafiyanın əsasını təşkil edən dagerotip texnologiyası ilə tanış oldu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM