İsveçin auksion bazarı əsl yüksəliş dövrünü yaşayır.
NTV xəbər verir ki, “Stockholms Auktionsverk” hərrac evinin məlumatına görə, bu yaz mövsümündə sənət əsərlərinin satışları ötən illə müqayisədə 162 faiz artaraq 231 milyon kron (təxminən 24 milyon dollar) təşkil edib. Bu, demək olar ki, əvvəlki ilin bütün satış həcmi ilə eynidir.
Yüksəksəviyyəli lotların sayı xüsusilə əhəmiyyətli dərəcədə artıb. Bir milyon krondan çox qiymətə satılan əşyaların sayı 475 faiz artıb. Bundan əlavə, hərrac evi zərgərlik məmulatlarına, saatlara və onlayn auksionlara artan marağın, həmçinin gənc alıcıların sayının artdığını qeyd edir.
“Stockholms Auktionsverk” hərrac evinin baş direktoru Sesilia Qavenin sözlərinə görə, sənət əsərlərinə və digər qiymətli əşyalara maraq qeyri-sabit qlobal vəziyyətlə daha çox bağlıdır. Getdikcə daha çox insan sənət əsərlərinə, qızıla və zərgərliyə etibarlı maddi aktivlər kimi baxır. İlin əsas rekordlarından biri İsveç təbiətşünası və həkimi Karl Linney tərəfindən yazılmış məktubun 1.875.000 kron (təxminən 195.000 dollar) qiymətinə satılması olub ki, bu da İsveçdə indiyə qədər bir məktub üçün ödənilən ən yüksək qiymətdir.
Qeyd etmək lazımdır ki, oxşar tendensiya qlobal bazarda da müşahidə olunur. “ArtTactic” şirkətinin araşdırmasına görə, bu ilin birinci yarısında üç ən böyük hərrac evində - “Christie's”, “Sotheby's” və “Phillips”də satışlar 70 faiz artaraq 6,8 milyard dollara çatıb. Bu, 2022-ci ildən bəri ilin ilk altı ayının ən yaxşı göstəricisidir.
