Pakistan hökumət mənbələri avqustun 3-də bildiriblər ki, ABŞ ilə İran arasında aylarla davam edən müharibəyə son qoymaq məqsədilə uzun müddətdir dayandırılmış birbaşa danışıqların bərpası üçün hələlik heç bir tarix və ya məkan müəyyən edilməyib.
NTV “Anadolu” agentliyinin İslamabad bürosunun məlumatına istinadla xəbər verir ki, Pakistan hökumətinin yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, növbəti 24 saat ərzində münaqişə tərəfləri arasında hər hansı görüş nəzərdə tutulmur.
Pakistanın XİN rəsmisi bunu ABŞ Prezidenti Donald Trampın İranla yeni danışıqların bazar ertəsi günortadan sonra başlayacağı barədə verdiyi açıqlamaya cavab olaraq bildirib. Onun sözlərinə görə, Pakistan və Qətər vasitəçiləri birbaşa danışıqların bərpası üçün tarix və məkanı dəqiqləşdirmək məqsədilə Vaşinqton və Tehranla əlaqə saxlayırlar. Mənbə əlavə edib ki, İslamabad və Doha danışıqlar üçün potensial məkanlar arasındadır. Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin danışıqların bərpası ilə bağlı məsələləri müzakirə etmək üçün Tehrana səfər edəcəyi də gözlənilir.
Pakistan rəsmisi bildirib ki, bu həftə danışıqların bərpası ilə bağlı müsbət irəliləyişlər gözlənilir. Belə ki, hər iki tərəf İslamabad Anlaşma Memorandumu çərçivəsində birbaşa danışıqları bərpa etmək üçün vasitəçilərlə mesaj mübadiləsi aparıb.
Vaşinqton və Tehran iyunun 17-də memorandum imzalayıblar və İranın nüvə proqramı da daxil olmaqla bir sıra mübahisəli məsələlər üzrə 60 gün ərzində daimi həll yoluna doğru danışıqları irəli aparmaq barədə razılığa gəliblər. Lakin ötən ay başlayan qarşılıqlı hücumlar həmin sənədin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradıb.
