Dövlət Proqramı çərçivəsində “AzerGold” QSC tərəfindən 4 strateji layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar Kəlbəcər rayonunda yerləşən Söyüdlü qızıl, Naxçıvanda yerləşən Ortakənd qızıl, Balakəndə yerləşən Filizçay polimetal və Daşkəsən dəmir filizi layihələridir.
NTV xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov sentyabrın 24-də keçirilən brifinqdə deyib.
Z.İbrahimov bildirib ki, həmin layihələrin ümumi investisiya həcmi təxminən 3,63 milyard manat, ümumi iqtisadi dəyəri isə 60,4 milyard manat təşkil edir.
“Dağ-mədən və metallurgiya layihələri böyük kapital qoyuluşu və uzunmüddətli maliyyələşmə tələb edir. Dövlət investisiyaları ilə yanaşı, yerli və xarici özəl kapitalın cəlb edilməsi üçün imkanların genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. “AzerGold” olaraq biz də bu prinsipə uyğun fəaliyyət göstəririk”, – deyə İdarə Heyətinin sədri qeyd edib.
Onun sözlərinə görə, strateji layihələrin maliyyələşdirilməsində əsasən şirkətin daxili gəlirlərindən və borc vəsaitlərindən istifadə edilməsi planlaşdırılır. Bununla yanaşı, xüsusilə iri və kapitaltutumlu layihələr üzrə özəl və xarici investorların iştirak imkanları da nəzərdən keçirilir.
Z.İbrahimov qeyd edib ki, sözügedən layihələrin şirkətin daxili və borc vəsaitləri, dövlət büdcəsi və potensial investorların iştirakı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Maliyyələşmə strukturunda dövlət büdcəsinin payı təxminən 10 faiz təşkil edəcək.
İdarə Heyətinin sədri bildirib ki, xronoloji ardıcıllıqla ilk istehsala başlanılması nəzərdə tutulan layihə Kəlbəcər rayonunda yerləşən Söyüdlü qızıl yatağı layihəsidir: “2028-ci ildən etibarən Söyüdlü layihəsində istehsalın başlanılması nəzərdə tutulur. Layihənin istismar müddəti 9 il, qızıl resursu 1,03 milyon unsiya, iqtisadi dəyəri 7,5 milyard manat, tələb olunan investisiya həcmi isə 425 milyon manatdır. Layihənin “AzerGold” QSC-nin daxili və borc vəsaitləri hesabına maliyyələşdirilməsi planlaşdırılır”.
O əlavə edib ki, ikinci qızıl layihəsi Naxçıvanda yerləşən Ortakənd qızıl yatağıdır. Layihə üzrə ilk istehsalın 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur: “Ortakənd layihəsinin istismar müddəti 9 il, qızıl resursu 246 min unsiya, iqtisadi dəyəri 1,8 milyard manat, tələb olunan investisiya həcmi isə 255 milyon manatdır. Bu layihənin də şirkətin daxili və borc vəsaitləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur”.
Z.İbrahimovun sözlərinə görə, Söyüdlü və Ortakənd layihələri çərçivəsində ümumilikdə təxminən 1,28 milyon unsiya əlavə qızıl resursunun hasilata cəlb edilməsi planlaşdırılır: “Bu layihələrin reallaşdırılması ölkənin qızıl istehsalının və ixracının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək. Eyni zamanda, yeni istehsal güclərinin yaradılması dağ-mədən sektorunun inkişafına və mineral-xammal resurslarından daha səmərəli istifadəyə əlavə imkanlar yaradacaq”.
