Şotlandiyada insan alveri və narkotik istehsalı ilə əlaqəli Vyetnam mənşəli mütəşəkkil cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirilib.
NTV BBC-yə istinadla xəbər verir ki, əməliyyata təxminən 300 polis əməkdaşı cəlb olunub. Səhər saatlarında eyni vaxtda keçirilən reydlər nəticəsində 36 nəfər saxlanılıb, 14 marixuana yetişdirilən məkan aşkarlanıb. Ümumilikdə 47 ünvanda axtarış və yoxlamalar aparılıb.
Şotlandiya polisi cinayətkar qruplaşmanın insan alveri, narkotik maddələrin istehsalı, dələduzluq, çirkli pulların yuyulması və mütəşəkkil qanunsuz miqrasiya da daxil olmaqla bir sıra cinayət fəaliyyətlərində iştirak etdiyini bildirib. İstintaq Vyetnam mənşəli cinayətkarların ötən il Şotlandiyada aşkarlanan 150 marixuana plantasiyası ilə əlaqəsinin müəyyən edilməsindən sonra başlayıb. Həmin əməliyyatlar zamanı “bağban” kimi fəaliyyət göstərən təxminən 120 nəfər saxlanılıb və ümumi dəyəri 26 milyon funt sterlinq olan narkotik vasitələr müsadirə edilib.
Sonrakı araşdırmalar aşkar edilmiş plantasiyaların təxminən üçdəbirinin Vyetnam mənşəli cinayətkar qruplaşma ilə əlaqəli olduğunu üzə çıxarıb. Bir neçə ay davam edən hazırlıqdan sonra genişmiqyaslı reydlər keçirilib. Şotlandiya polisinin nümayəndəsi Stivi Bertram bildirib ki, bu, qurumun indiyədək insan alveri ilə bağlı apardığı ən böyük istintaqıdır.
