Böyük Britaniyanın Baş naziri Endi Börnhem Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın Aparat rəhbəri kimi özünü təqdim edən şəxslə mesajlaşmasına görə utanmadığını bildirib.
NTV xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, E. Börnhem Donald Trampın aparat rəhbəri Syuzi Uayls olduğunu iddia edən şəxslə yazışıb. Baş nazir hadisə zamanı əhəmiyyət daşımayan çox məhdud məlumat mübadiləsinin baş verdiyini bildirib. Məlumata görə, tərəflər arasında telefon danışığı olmayıb, əlaqə yalnız mesajlar vasitəsilə həyata keçirilib.
Hadisədən utanıb-utanmadığı barədə suala E. Börnhem belə cavab verib: “Xeyr. Çünki çox məhdud məlumat mübadiləsi olub, heç bir əhəmiyyətli məlumat paylaşılmayıb. Tezliklə başa düşdüm ki, bu barədə məlumat vermək lazımdır və belə də etdim”.
Baş nazir bütün siyasətçilərin bu cür təhlükə və çağırışlarla üzləşdiyini vurğulayaraq, təhlükəsizlik insidentinə münasibətdə düzgün addımlar atdığını deyib.
Hadisənin arxasında kimin dayandığının müəyyənləşdirilməsi və təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi üçün hansı tədbirlərin görüldüyü barədə suala cavab verən E.Börnhem həm Böyük Britaniyada, həm də ABŞ-də müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. O, bununla bağlı əlavə məlumat verməyib.
