Almaniyanın “Rheinmetall” müdafiə sənayesi şirkəti Litvada 2 minədək hərbçinin yerləşdirilməsi üçün modul düşərgə inşa edəcək.
NTV xəbər verir ki, şirkət Almaniya Silahlı Qüvvələrinin (Bundesver) İnfrastruktur, Ətraf Mühitin Mühafizəsi və Xidmətlər üzrə Federal İdarəsindən (BAIUDBw) bununla bağlı ilk sifarişi alıb.
Layihənin dəyəri 250 milyon avro təşkil edir. Düşərgənin 2027-ci il avqustun ortalarından fəaliyyətə başlaması planlaşdırılır.
Bu layihə Bundesverin Litvadakı fəaliyyətini dəstəkləmək məqsədi daşıyır. Bundesverin ölkə xaricində xidmət edən hərbçilər üçün sürətli və hazır modul hərbi düşərgələrin yaradılmasına dair çərçivə proqramına (G-CAP II SU) uyğun olaraq hərbi qulluqçuların müxtəlif iqlim və coğrafi şəraitlərdə yerləşdirilməsi üçün modul infrastrukturun hazırlanması, daşınması, quraşdırılması, istismarı və sonradan sökülməsi özəl şirkətlərə həvalə olunur. Bu yanaşma Bundesverin öz resurslarına qənaət etməyə və onları yüksək təhlükə şəraitində istifadəyə hazır saxlamağa imkan verir.
