satellite   Azerspace-1: 11135 H 30000

Rumıniya hərbi limanlarda ABŞ istehsalı olan antidron sistemləri yerləşdirir

Rumıniya hərbi limanlarda ABŞ istehsalı olan antidron sistemləri yerləşdirir

Rumıniya Ukraynadakı müharibə ilə əlaqədar hava və dəniz pilotsuz aparatlarından qaynaqlanan təhlükələrin artması fonunda Qara dənizin və Dunay çayının üzərində yerləşən dörd hərbi limanın müdafiəsini gücləndirir. Bu məqsədlə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə əməkdaşlıq çərçivəsində əldə edilən yeni antidron sistemlərinin quraşdırılmasına başlanılıb.

NTV xəbər verir ki, Rumıniya mediası bu barədə geniş material yayıb.

Bildirilib ki, “Black Talon” adlı sistemlər Konstansa və Manqaliya dəniz limanlarında, həmçinin Dunay üzərindəki Breila və Tulça limanlarında yerləşdiriləcək. Proqram Rumıniya və ABŞ hərbi dəniz qüvvələrinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Yeni avadanlığın ilk sınaqları Konstansa limanında aparılır. Sistemin oktyabrın sonunadək istismara verilməsi gözlənilir. “Black Talon” hava məkanında və su səthində hərəkət edən pilotsuz aparatları aşkarlamaq və izləmək üçün nəzərdə tutulub. Onun müşahidə məsafəsi 10 kilometrə çatır və bu imkan limanın həm hərbi, həm də mülki hissələrinə nəzarət etməyə şərait yaradır.

Layihə çərçivəsində sualtı mühitin müşahidəsi üçün “Sentinelle” avadanlığının da quraşdırılması planlaşdırılır. Bu sistem 50 metrdən artıq dərinlikdə müşahidə aparmağa imkan verəcək. Beləliklə, limanların müdafiəsində hava, suüstü və sualtı təhlükələrin eyni vaxtda nəzərə alınması nəzərdə tutulur.

Konstansa hərbi limanının komandanı, kontr-admiral Çiprian Mandaki bildirib ki, “Black Talon” pilotsuz aparatla onun operatoru arasındakı rabitəni kəsməyə imkan verir. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri ilə bir neçə ildir həyata keçirilən əməkdaşlıq proqramı artıq avadanlığın istismar mərhələsinə çatıb. Hazırda sistemlə işləyəcək personalın istehsalçı müəssisədə hazırlığı davam edir.

Rumıniya Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, vitse-admiral Mixay Panait isə yeni avadanlığın limanlarda yerləşən gəmilərin və kritik infrastrukturun müdafiəsi üçün əlavə imkan yaradacağını vurğulayıb. O, sualtı aşkarlama komponentinin də bu məqsədə xidmət etdiyini bildirib.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi son aylarda Qara dənizdə baş vermiş hadisələrlə əlaqələndirilir. Avqustun 20-də Rumıniya hərbçiləri ölkənin müstəsna iqtisadi zonasında, “Neptun Deep” qaz layihəsinin platformasından bir neçə yüz metr aralıda partlayıcı daşıyan dəniz dronunu məhv ediblər. Hadisə Konstansadan təxminən 80 dəniz mili şərqdə baş verib. Ukrayna tərəfi Buxarestlə birbaşa əlaqə kanalı vasitəsilə həmin aparatın Ukraynaya məxsus olmadığını bildirib.

Rumıniyanın Müdafiə Nazirliyinin məlumatlarına əsasən, 2026-cı ilin ilk səkkiz ayında ölkənin hava məkanına 25 pilotsuz aparat daxil olub, onlardan dördü qırıcı təyyarələr tərəfindən vurulub. Ukrayna ilə sərhəd yaxınlığında həmin müddətdə 64 hücum qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə bu göstərici 28 olub.

Qara dənizdə enerji infrastrukturunun mühafizəsi də Rumıniya üçün xüsusi əhəmiyyət daşıyır. “Neptun Deep” layihəsində təbii qaz hasilatına 2027-ci ildə başlanılması planlaşdırılır. Rumıniya hərbi dəniz qüvvələri bu ərazidə freqatların, yardımçı gəmilərin, partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə dalğıc bölmələri və sahil mühafizəsi ilə birgə patrul fəaliyyəti həyata keçirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM