Fransanın İvölin departamentində 35 yaşlı polis əməkdaşı radikal ifrat sağ ideologiyaya bağlı olmaqda və terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib.
NTV xəbər verir ki, istintaq materiallarına görə, polis əməkdaşının dövlət institutlarına və hüquq-mühafizə orqanlarına qarşı zorakı hücumlar planlaşdırdığı, həmçinin internet forumlarında təhdid xarakterli mesajlar yaydığı ehtimal olunur. O, avqustun 23-də xidmətdə olmadığı vaxt saxlanılıb.
Avqustun 27-də barəsində istintaq başlanılan polis əməkdaşı ilkin həbsə göndərilib. Ona terror aktının törədilməsinə fərdi hazırlıq, terror fəaliyyəti ilə əlaqəli A və B kateqoriyalı silahların qanunsuz hazırlanması və saxlanılması, habelə internet vasitəsilə terror aktına birbaşa təhrik ittihamları irəli sürülüb.
İstintaq çərçivəsində onun 3D printer vasitəsilə silahlar hazırladığına dair şübhələr də araşdırılır. İstintaq hakimə həvalə edilən iş üzrə cinayət planının miqyasını və ehtimal olunan hədəfləri müəyyənləşdirir.
Şübhəlinin vəkilləri məsələyə münasibət bildirməyiblər.
Fransanın Milli Antiterror Prokurorluğu ifrat sağdan qaynaqlanan təhlükənin xüsusi diqqət tələb etdiyini bildirir. Qurum sosial şəbəkələrdə və “dark web” platformalarında bu ideologiyanın yayılmasını əsas narahatlıq doğuran amillərdən biri kimi göstərir.
Fransada son dövrdə ifrat sağ ideologiya ilə əlaqələndirilən bir sıra cinayət işləri də məhkəmələrdə araşdırılır. 2025-ci ildə Var departamentinin Puget-sur-Arjens şəhərində tunisli Hişem Miraouinin qətlə yetirilməsi də bu kontekstdə diqqətçəkən hadisələrdən biri olub.
