ABŞ ordusu İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların bərpası üçün planlar hazırlayır.
NTV xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Pentaqon İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərə, eləcə də digər hərbi və enerji infrastrukturlarına zərbələr endirilməsi variantlarını nəzərdən keçirir. Yaxın Şərqə üç təyyarədaşıyan gəminin göndərilməsi də planlaşdırılır.
Qəzet yazır ki, son aylarda Pentaqon və ABŞ milli təhlükəsizlik komandası İrana və ya Yəməndəki husilərə qarşı genişmiqyaslı əməliyyatlarla bağlı Prezident Donald Trampa beş təklif təqdim edib. Tramp onların hamısını rədd edib.
Bununla yanaşı, ABŞ Prezidentinin yaxın çevrəsində İrana iqtisadi təzyiq siyasətinin nəticə verdiyini və Tehranın güzəştlərə getməsi üçün əlavə vaxta ehtiyac olduğunu düşünənlər də var.
