Almaniyada Sosial Demokrat Partiyasının (SPD) Hannover şəhər təşkilatının rəhbəri Adis Ahmetoviçin üç mənzilində və Bundestaqdakı kabinetində axtarış aparılıb.
NTV yerli mediaya istinadla xəbər verir ki, onun deputat toxunulmazlığı ləğv edildikdən sonra polis və prokurorluq əməkdaşları Hannoverdəki iki mənzildə, Berlindəki bir mənzildə və parlamentdəki iş otağında axtarış keçiriblər. A.Ahmetoviç Bundestaqdakı kabinetində olub və mobil telefonunu istintaqa təhvil verib.
İstintaq tədbirləri tenderlərdə rəqabətin məhdudlaşdırılmasına yardım və sövdələşmələrdə iştirak, eləcə də kommersiya sirrinin pozulması ilə bağlı şübhələr əsasında aparılır. İş Hannover bölgəsinin Lehrte şəhərində klinika ərazisinin satışı ilə əlaqədar araşdırma çərçivəsində həyata keçirilir. Bu iş üzrə istintaq tədbirləri əvvəl daha iki sosial-demokrat siyasətçini də əhatə edib.
Qeyd edək ki, 33 yaşlı siyasətçi Bosniya və Herseqovina əsillidir. Onun valideynləri 1992-ci ildə Hannoverə miqrasiya ediblər.
