Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin mühüm istiqamətlərindən biri də enerji sahəsində əməkdaşlıqdır.
NTV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında bildirib.
Baş nazir qeyd edib ki, iki ölkənin birgə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Supsa neft kəməri və Cənub Qaz Dəhlizi uzun illərdir enerji resurslarının tranzitinə və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir.
İ.Kobaxidze Gürcüstanın Azərbaycanın iştirakı ilə “yaşıl enerji” layihəsinin inkişafında əməkdaşlıq etdiyini vurğulayıb. Layihənin məqsədi bərpaolunan enerji resurslarının Cənubi Qafqaz vasitəsilə Avropa enerji bazarına nəqlini təmin etməkdir.
Baş nazir iki ölkə arasında əməkdaşlığın müdafiə, mədəniyyət, təhsil, kənd təsərrüfatı, səhiyyə, turizm və ətraf mühit sahələrini də əhatə etdiyini bildirib. Gürcüstanın mövcud əlaqələri gücləndirməyə və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verməyə hazır olduğunu əlavə edib.
