Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində ilk təmas noyabrın 18-də axşam saatlarında baş tuta bilər.
NTV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Vesti” telekanalının jurnalisti Pavel Zarubinlə söhbətində bildirib.
Uşakovun sözlərinə görə, liderlər qala şam yeməyi zamanı ünsiyyət qura bilərlər. Həmçinin noyabrın 19-da keçiriləcək sammitin plenar iclasında və onun başa çatmasından sonra da təmaslar planlaşdırılır.
Rusiya Prezidentinin köməkçisi görüşün məhdud tərkibdə olacağını vurğulayıb. “Tərkibin kifayət qədər məhdud olacağı dəqiqdir. Böyük nümayəndə heyətləri olmayacaq”, - deyə o qeyd edib.
Uşakov prezidentlərin məkandan və formatdan asılı olmayaraq əhatəli söhbət edəcəklərinə əminliyini bildirib. O əlavə edib ki, liderlər bir çox məsələni müzakirə edəcəklər və sammit zamanı bir neçə dəfə söhbət etmək imkanına malik olacaqlar.
ABŞ səfirləri Stiv Uitkoff və Cared Kuşnerin Avropada apardıqları danışıqlara gəldikdə, Yuri Uşakov Çindəki təmaslar zamanı irəliləyişin də nəzərə alınacağını ehtimal edib. “Düşünürəm ki, onlar Şençjendə baş verənlərə diqqətlə yanaşacaqlar. Çünki əsas məsələ burada, vacib, lakin ikinci dərəcəli məsələlər isə oradadır”, - deyə o bildirib.
Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüşün noyabrın 19-da Şençjendə keçirilməsi planlaşdırılır. Görüş Çin liderinin dövlət iqamətgahında baş tutacaq.
Bu danışıqlardan əvvəl Yuri Uşakov üç ölkənin faşizmə qarşı mübarizədə və BMT-nin yaradılmasında əməkdaşlıq təcrübəsini xatırladıb. Onun fikrincə, bu təcrübə gələcək əməkdaşlıq üçün əsas yarada bilər. “Bəs niyə gələcək əməkdaşlığı qurmaq üçün bu müsbət məqamları inkişaf etdirmək haqqında düşünməyək?” - deyə o əlavə edib.
