Honkonq Elm və Texnologiya Universitetinin alimləri diş əti kənarındakı mayedə qlükoza və sidik turşusunun səviyyəsini ölçən sensorlarla təchiz olunmuş diş sapı hazırlayıblar. İlkin sınaqlar zamanı cihazın göstəriciləri qan analizlərinin nəticələri ilə uyğunluq nümayiş etdirib.
NTV xəbər verir ki, tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.
Cihaz tutacağa bərkidilmiş adi diş sapını xatırladır. Dişlərin təmizlənməsi zamanı sap dişlə diş əti arasındakı dar boşluqdan az miqdarda maye toplayır. Daha sonra nümunə sensorlarla təchiz edilmiş miniatür kameraya ötürülür.
Sistem bir neçə dəqiqə ərzində dörd göstəricini - qlükoza, sidik turşusu, hidrogen peroksid səviyyəsini və turşuluğu ölçərək məlumatları smartfona göndərir.
Alimlərin diqqətini diş əti şırımındakı maye cəlb edir. Çünki bu mayenin tərkibində qandan keçən və ya diş əti toxumalarında yaranan maddələr mövcuddur. Lakin maye çox az miqdarda ifraz olunduğundan onun ayrıca nümunəsini toplamaq çətindir. Tədqiqatçılar bu problemi diş sapından istifadə etməklə həll etməyə çalışıblar.
Cihaz diabet, sidik turşusunun yüksək səviyyəsi və diş əti problemləri olan şəxslər də daxil olmaqla, könüllülər üzərində sınaqdan keçirilib. Qlükoza və sidik turşusunun göstəriciləri qan analizləri ilə, turşuluq və hidrogen peroksidin səviyyəsi isə diş əti ciblərinin dərinliyi ilə müqayisə edilib.
Bununla belə, toplanan nümunələrə tüpürcək də qarışıb. Buna görə də mayenin dəqiq tərkibinin müəyyənləşdirilməsi gələcək sınaqlar üçün vacib məsələlərdən biri olaraq qalır.
Yeni cihazın əsas üstünlüyü adi diş təmizliyi zamanı həm orqanizmdəki maddələr mübadiləsi, həm də diş ətinin vəziyyəti haqqında məlumat əldə etmək imkanıdır. Növbəti tədqiqatlar cihazın eyni insanda zamanla baş verən dəyişiklikləri nə dərəcədə etibarlı izləyə bildiyini göstərəcək.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
