Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş vermiş qaz partlayışından sonra dağıntılar altında qalan insanların axtarışı və xilas edilməsi üzrə əməliyyatlar başa çatıb.
NTV xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili məlumat verib.
O bildirib ki, xilasetmə əməliyyatları zamanı gün ərzində hadisə yerindən beş nəfər, o cümlədən bir azyaşlı xəstəxanaya çatdırılıb. Dağıntılar altından altı nəfərin meyiti çıxarılıb. Həlak olanlar arasında bir azyaşlı da var.
Nazir qeyd edib ki, bundan sonra hadisə yerində istintaq tədbirləri davam etdiriləcək.
Qeyd edək ki, noyabrın 19-da Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışı ciddi dağıntılara səbəb olub. İlkin olaraq hadisə yerindən dörd nəfər xəstəxanaya çatdırılıb. Dağıntılar altında yeddi nəfərin qaldığı bildirilirdi.
Xilasedicilər əvvəlcə dağıntılar altından gənc qızı çıxarıblar. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Daha sonra dağıntılar altından altı nəfərin meyiti çıxarılıb.
