Alimlər allergiyanın yaranmasının immun sisteminin pozulması ilə deyil, orqanizmin dəri, bağırsaq, burun və ağciyərlərini örtən hüceyrələrdə enerji çatışmazlığı ilə əlaqəli ola biləcəyini irəli sürüblər.
NTV xəbər verir ki, Avstraliyanın Qriffit Universitetinin tədqiqatçıları apardıqları araşdırma nəticəsində allergiyanın yaranmasına dair yeni nəzəriyyə təqdim ediblər.
Tədqiqatın rəhbəri, professor Piter Smitin sözlərinə görə, hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin fəaliyyətinin pozulması orqanizmin qoruyucu baryerini zəiflədə və allergik reaksiyalara səbəb ola bilər.
Alimlər bu prosesə təsir göstərə biləcək amillər arasında emal olunmuş qidaları, ətraf mühitin çirklənməsini, mikroplastikləri, yuyucu vasitələri, qida liflərinin azlığını və erkən yaşlarda antibiotik istifadəsini qeyd ediblər.
“Allergy” jurnalında dərc olunan tədqiqatın nəticələri allergiyanın müalicəsində yeni yanaşmaların hazırlanmasına imkan yarada bilər. Tədqiqatçılar bildirirlər ki, mövcud müalicə üsulları əsasən iltihabı aradan qaldırmağa yönəlib, yeni nəzəriyyə isə xəstəliyin ilkin səbəblərinin araşdırılmasını nəzərdə tutur.
Alimlərin növbəti mərhələdə körpələrdə allergiya yaranmazdan əvvəl qoruyucu hüceyrələrin fəaliyyətini öyrənəcəkləri bildirilir.
