Avropa-Yaponiya kosmik gəmisi “BepiColombo” səkkizillik səyahətdən sonra Günəş sisteminin ən kiçik daxili planeti olan Merkurinin ətrafında fırlanmağa başlayıb. Bununla belə, Avropa Kosmik Agentliyi bazar günü bu gəmidə nasazlıq yarandığını bildirib.
NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, Yer kürəsinin təbii peykindən bir qədər böyük olan Merkuri Günəş sisteminin daxili hissəsindəki dörd planet arasında ən az tədqiq edilən kosmik obyektdir. “BepiColombo” bu planeti ziyarət edən üçüncü və onun orbitində olan ikinci kosmik gəmidir.
Bu, Avropa Kosmik Agentliyinin (ESA) və Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin (JAXA) birgə missiyasıdır.
ESA şənbə günü “BepiColombo”nun orbitə çıxdığını təsdiqləyib. Bazar günü sosial mediada paylaşım edən agentlik kosmik gəminin orbitə uğurla daxil olduğunu, lakin manevr zamanı proqram təminatı ilə bağlı problem səbəbindən itələyicinin yanmasının planlaşdırılandan daha qısa sürdüyünü bildirib.
“Kosmik gəmi təhlükəsizdir və ESOC-dakı (Avropa Kosmik Əməliyyatlar Mərkəzi) komandalar nə baş verdiyini anlamaq üçün çalışır”, - deyə ESA bildirib və əlavə edib ki, yeniləmələr bazar ertəsi günü təqdim ediləcək.
2018-ci ildə kosmosa buraxılan robot kosmik gəmi fərqli elmi məqsədlərə malik olan və bu il dekabrın 10-da ayrılması planlaşdırılan ESA-nın “Mercury Planetary Orbiter” və JAXA-nın “Mercury Magnetospheric Orbiter” missiyalarından ibarət birləşmədir. Elmi tədqiqatlar üzrə əməliyyatların aprel ayında başlaması planlaşdırılır.
