Vişeqrad Dördlüyünün - Polşa, Çexiya, Slovakiya və Macarıstanın baş nazirləri Avropa İttifaqından (Aİ) nəqliyyat və binaların istilik yanacağına karbon qiyməti tətbiq edəcək ETS2 sisteminin 2030-cu ilə qədər təxirə salınmasını tələb ediblər.
NTV xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fiço Vişeqrad ölkələrinin baş nazirlərinin görüşündən sonra bu barədə Avropa qurumlarına birgə məktub göndəriləcəyini bildirib.
Sistemin 2028-ci ildən yol nəqliyyatı və binaları əhatə etməsi planlaşdırılır. Təşəbbüs müəllifləri bunun yanacaq və istilik xərclərini artıracağını, əhalinin və kiçik bizneslərin yükünü ağırlaşdıracağını bildirirlər. Polşanın Baş naziri Donald Tusk isə əvvəllər Vişeqrad dördlüyünün enerji qiymətlərini yüksəldən Aİ-nin iqlim tədbirlərinin qarşısını almağa çalışacağını bəyan edib. Çexiya və Vişeqrad tərəfdaşları ETS2-nin nəzərdən keçirilməsi və tətbiqinin ən azı 2030-cu ilədək təxirə salınması üçün Avropa İttifaqının Brüsseldəki sammitində də çağırış ediblər. Təklifi İtaliya və Yunanıstan dəstəkləyib. Almaniya və bir sıra digər ölkələr isə buna qarşı çıxıb. İsveç, Danimarka, Finlandiya və Luksemburq əvvəllər bildiriblər ki, hər hansı əlavə təxirəsalma Aİ-nin iqlim siyasətinin effektivliyini ciddi şəkildə zəiflədər. Məsələ Avropa İttifaqı daxilində enerji xərclərinin azaldılması ilə bağlı siyasi təzyiqin artdığı bir dövrdə gündəmə gəlib. Müzakirələr davam edir.
