ABŞ-də ticarət olunan və “Bitcoin”ə investisiya yatıran birja investisiya fondları 2024-cü ildə bazara çıxarıldıqdan bəri ən böyük aylıq kapital axını ilə üzləşməyə hazırlaşır. Noyabr ayında bu fondlardan indiyədək xalis 4,94 milyard dollar vəsait çıxarılıb.
NTV xəbər verir ki, “Bloomberg”in noyabrın 24-dək olan məlumatlarına əsasən, kapital axını “BlackRock” şirkətinə məxsus, “Bitcoin” saxlayan ən böyük fond – “iShares Bitcoin Trust”a da ciddi təsir göstərib. Belə ki, cari ayda həmin fonddan 4 milyard dollardan çox vəsait çıxarılıb. Bu tendensiya fondun tarixində ən böyük aylıq kapital itkisinə səbəb ola bilər.
Kütləvi vəsait çıxışı “Bitcoin”in 2022-ci ilin iyunundan bəri ən pis aylıq nəticəsini qeydə almağa doğru irəlilədiyi bir vaxta təsadüf edir. Həmin dövrdə kriptovalyutanın qiyməti 60 min dollardan aşağı düşmüş, bir sıra iri şirkətlərin iflası isə kriptovalyuta bazarında genişmiqyaslı çöküşə səbəb olmuşdu.
“Bitcoin” bu ay təxminən 23 faiz ucuzlaşıb. Kriptovalyuta hazırda 59 min dollar ətrafında ticarət olunur. Asiya ticarət sessiyasında isə onun qiyməti təxminən 1,3 faiz azalıb.
Bu itkilər 2024-cü ilin yanvarında ABŞ-də fəaliyyətə başlayan və “Bitcoin”in bahalaşmasına mühüm töhfə verən fondlar üçün ciddi dönüş nöqtəsi hesab olunur. Sözügedən fondlar kriptovalyutanı daha geniş institusional və fərdi investor kütləsi üçün əlçatan edib, bazarda yüksəliş dövründə mühüm tələb mənbəyinə çevrilmişdi. Lakin rekord həcmdə vəsait çıxarılması bu investisiya mənbəyinin zəiflədiyini və mövcud ucuzlaşma tendensiyasının gücləndiyini göstərir.
Bazar ertəsi “Nvidia” şirkətinin rəhbəri Censen Huanqın yenidən baş icraçı direktor təyin edilməsindən sonra “Bitcoin” digər riskli aktivlərlə birlikdə qısamüddətli bahalaşma nümayiş etdirsə də, sonradan bütün qazancını itirib.
Məlumatların təhlili ilə məşğul olan “Glassnode” şirkətinin qiymətləndirməsinə görə, bazar müsbət xəbərlərə davamlı yüksəlişlə reaksiya vermirsə, bu, investorların istənilən bahalaşmanı satış fürsəti kimi dəyərləndirdiyini göstərir. Şirkət bildirir ki, “Bitcoin” sutka ərzində fasiləsiz ticarət olunduğundan investorlar risklərini azaltmaq istədikdə ilk satılan aktivlərdən birinə çevrilir.
Analitiklərin fikrincə, hazırda “Bitcoin” bir sıra mənfi amillərin təsiri altındadır. Bunlara kiberhücumlar, ABŞ-də aralıq seçkilərdən sonra faiz dərəcələrinin artırılması ehtimalı və tənzimləyici qurumların nəzarəti sərtləşdirməsi daxildir.
“Glassnode”nin məlumatına görə, ABŞ investorlarından tələbin zəifləməsi də qiymətlərə əlavə təzyiq göstərir.
Ekspertlərin fikrincə, investor kapitalının səhm bazarlarına və gəlir gətirən aktivlərə yönəlməsi “Bitcoin”in investisiya vəsaitləri uğrunda rəqabətini daha da gücləndirir.
