Çin ABŞ-nin ixracata qarşı yeni gömrük rüsumları tətbiq etmək hazırlığını “siyasi manevr” kimi qiymətləndirib və iki ölkəni ticarət atəşkəsinin qorunması üçün birgə fəaliyyət göstərməyə çağırıb.
NTV xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun hər iki ölkənin dövlət başçıları arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi üçün səylərini birləşdirməli olduğunu bildirib.
O qeyd edib: “Sözdə “artıq istehsal gücü” iddiası həqiqəti əks etdirmir. Çin və ABŞ dövlət başçıları arasında əldə olunmuş mühüm razılaşmaları həyata keçirmək və Çin-ABŞ iqtisadi-ticarət əlaqələrinin sabit inkişafını təmin etmək üçün birgə çalışmalıdırlar”.
Bu açıqlama “Bloomberg” agentliyinin Donald Tramp administrasiyasının Çinlə yanaşı, Avropa İttifaqından və bir sıra digər ölkələrdən idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırdığı barədə məlumatından sonra səsləndirilib.
Yeni tariflər Tramp administrasiyasının Pekinlə ticarət müharibəsini əvvəllər razılaşdırılmış çərçivədən kənara çıxarmadan proteksionist siyasətini yenidən gücləndirmək istiqamətində növbəti addımı olacaq.
ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin fevral ayında Çin və bir sıra digər ölkələrin məhsullarına tətbiq edilən əvvəlki gömrük rüsumlarını ləğv etməsindən sonra yeni tarif maneələri yaratmağa çalışır. Ölkələr üzrə ayrıca tətbiq olunması nəzərdə tutulan bu tədbirlərin yerli istehsalçılarına subsidiyalar verməklə Amerika sənayesinə zərər vurmaqda ittiham olunan dövlətlərin iqtisadiyyatlarını hədəf alacağı gözlənilir.
Yeni rüsumların əhatə dairəsi hələ tam dəqiqləşməsə də, “Bloomberg” daha əvvəl Ağ Evin Çin mənşəli məhsullara əlavə 7,5 faizlik gömrük rüsumu tətbiq etməyi nəzərdən keçirdiyini bildirmişdi. Bu addım Trampın ikinci prezidentlik dövründə Çindən idxala tətbiq olunan tarifləri yenidən təxminən 20 faiz səviyyəsinə çatdıra bilər.
Çin ötən ilin böyük hissəsində qüvvədə olan ticarət atəşkəsini pozmamaq məqsədilə son vaxtlar bir sıra addımlar atıb. Belə ki, Pekin çərşənbə axşamı bəzi kritik mineralların ABŞ-yə ixracına qoyulmuş məhdudiyyətlərin dayandırılması müddətini uzadıb.
Bu qərar ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin Şençjendə keçirilən sammitdə şəxsi münasibətlərində irəliləyiş nümayiş etdirmələrindən bir neçə gün sonra qəbul olunub.
