satellite   Azerspace-1: 11135 H 30000

Süni intellekt sektoruna dair narahatlıqlar fond bazarlarında ucuzlaşmanı sürətləndirib

Süni intellekt sektoruna dair narahatlıqlar fond bazarlarında ucuzlaşmanı sürətləndirib

Süni intellekt bumunun davamlılığına dair şübhələrin artması texnologiya şirkətlərinin səhmlərinin satışını gücləndirib. Nəticədə dünya fond bazarlarında ucuzlaşma qeydə alınıb.

NTV “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ fond indekslərinin fyuçersləri isə enişin davam edəcəyinə işarə edib.

MSCI-nin (Morgan Stanley Capital International) Asiya-Sakit okean regionu üzrə səhmləri əhatə edən indeksi 2 faiz geriləyib. Süni intellekt sektorundakı ticarət aktivliyinin əsas göstəriciləri hesab olunan Tayvan və Cənubi Koreya bazarlarında müvafiq olaraq 5 və 5,7 faizlik azalma qeydə alınıb. Bu ucuzlaşma nəticəsində MSCI-nin bütün dünya ölkələrinin səhmlərini əhatə edən indeksi 0,4 faiz aşağı düşüb.

Nasdaq 100 indeksinin fyuçersləri 1,2 faiz ucuzlaşıb. Bu, ABŞ texnologiya səhmlərinin ardıcıl ikinci gündə itki ilə üzləşə biləcəyinə işarədir. S&P 500 indeksinin fyuçersləri isə 0,7 faiz azalıb.

Yaponiyanın Topix indeksi 0,5 faiz, Avstraliyanın S&P/ASX 200 indeksi 0,4 faiz geriləyib. Honkonqun Hang Seng indeksi 0,2 faiz yüksəldiyi halda, Şanxay Kompozit indeksi 1 faiz azalıb. Avropada Euro Stoxx 50 indeksinin fyuçersləri isə 0,2 faiz artıb.

Valyuta bazarında avro 0,2 faiz ucuzlaşaraq 1,0945 dollara düşüb. Yapon yeni dollar qarşısında demək olar ki, dəyişməyərək 159,36 səviyyəsində qərarlaşıb. Çin valyutası isə 0,1 faiz ucuzlaşaraq bir dollar qarşısında 6,6732 yuan təşkil edib.

Kriptovalyuta bazarında da eniş müşahidə olunub. Bitkoinin qiyməti 1,5 faiz azalaraq 58 min 941,84 dollara, “Ether”in qiyməti isə azalaraq 1653,62 dollara düşüb.

İnvestorların təhlükəsiz aktivlərə tələbinin artması ABŞ dövlət istiqrazlarının qiymətlərini yüksəldib. Nəticədə 10 illik ABŞ dövlət istiqrazlarının gəlirliliyi 3 baza bəndi azalaraq 4,9 faizə düşüb. Yaponiyanın 10 illik istiqrazlarının gəlirliliyi 6 baza bəndi azalaraq 2,66 faiz, Avstraliyanın müvafiq istiqrazlarının gəlirliliyi isə 2 baza bəndi geriləyərək 4,83 faiz olub.

Əmtəə bazarında da qiymət azalması qeydə alınıb.

Ötən cümə günü süni intellekt sektorunda səhmlərin dəyərinin kəskin azalması ümumi bazar enişini daha da dərinləşdirib. Bazar ertəsi isə Censen Huangın “Nvidia” şirkətinin rəhbərliyinə qayıtması fonunda səhmlər yenidən bahalaşıb. Lakin bu nikbinlik uzun sürməyib və investorlar ertəsi gün texnologiya şirkətlərinin səhmlərini yenidən satmağa başlayıblar.

Hazırda bazar iştirakçılarının diqqəti ABŞ-də çərşənbə günü açıqlanacaq inflyasiya göstəricilərinə yönəlib. Bu məlumatlar Federal Ehtiyat Sisteminin (FED) gələcək pul siyasətinə dair gözləntilərə təsir göstərə bilər.

Digər tərəfdən, Hörmüz boğazı ətrafında gəmilərə hücumların intensivləşməsi və neft təklifinin artması ilə bağlı əlamətlər investorların diqqətindədir. Bu amilləri qiymətləndirən treyderlər fonunda neftin qiyməti aşağı düşüb. “Brent” markalı xam neftin bir barelinin qiyməti 1 faizdən çox ucuzlaşaraq 90 dollar səviyyəsinə yaxınlaşıb.

Qızılın qiyməti də qeydə alınan eniş fonunda bir troya unsiya üçün təxminən 3 550 dollar ətrafında ticarət olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM