Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.
Bu barədə NUHÇIXAN-a institutdan məlumat verilib.
Tədbiri açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev ölkəmizdə COP29-un uğurla davam etdiyini vurğulayıb. Baş direktor institutun alim və mütəxəssislərini yaşıl cəmiyyət, yaşıl təfəkkürün formalaşdırılması, yaşıl riyaziyyat və digər istiqamətlərdə aparılan tədqiqatların ictimaiyyətə tanıdılması və təbliği işində fəal olmağa səsləyib.
Sonra akademik institutda mütəmadi olaraq elmi seminarların keçirilməsinin vacibliyindən danışaraq, dissertasiya işləri çərçivəsində aparılan tədqiqatlarla tanış olmaq, qarşıya qoyulmuş məsələlərə bir daha diqqət yetirmək, eləcə də doktorant və dissertantlara elmi və intellektual dəstək göstərilməsi baxımından elmi seminarların mühüm rola malik olduğunu diqqətə çatdırıb.
Baş direktor institutun tədqiqatçılarına aparılan araşdırmaların elmi-nəzəri nəticələrinin institutun elmi seminarlarında təqdim olunmasına dair tövsiyələr verib, onları qarşıya qoyulan vəzifələrin icrasında yaxından iştirak etməyə çağırıb.
Daha sonra institutun dissertantı Elşən Bağırov “Zərərli proqramların aşkarlanmasında generativ rəqib şəbəkələrin rolu: sintetik verilənlərin generasiya edilməsi” mövzusunda məruzəni təqdim edib. Məruzəçi zərərli proqramlar və onun növləri, strukturu, aşkarlanması üsulları, verilənlər toplusunda tarazlığın bərpa edilməsi üsulları, bu sahədə rast gəlinən əsas problemlər və gələcək tədqiqatlar haqqında ətraflı məlumat verib.
Zərərli proqramların sistemin informasiya təhlükəsizliyinin pozulmasına yönəldiyini bildirən gənc tədqiqatçı bu proqramların virus, soxulcan, casus, troyan və s. kimi növləri olduğunu diqqətə çatdırıb.
E.Bağırov zərərli proqramların statik, dinamik və hibrid analiz vasitəsilə aşkarlanmasının mümkün olduğunu vurğulayıb. Məruzəçi, həmçinin icra oluna bilən fayllardan statik və ya dinamik (və ya hər ikisi) yolla əldə edilmiş əlamətlər əsasında intellektual analiz metodlarının tətbiq edildiyini deyib, bu analiz metodlarının tətbiqi arxitekturasını təqdim edib. O, verilənlər toplusunda tarazlığın bərpa edilməsi üsullarından danışıb, bu topluda tarazlığın pozulması nəticəsində intellektual analiz metodlarının performans göstəricilərinin aşağı düşdüyünü əlavə edib. Məruzəçi verilənlərin sintetik olaraq yaradılması yolu ilə tarazlığın bərpasına yönəlmiş üsul olan SMOTE metodunun imkanlarından bəhs edib. Bildirib ki, bu üsul modelin dəqiqliyini artırsa da, onun real mühitdə istifadəsi səmərəsizdir.
Tədqiqatçı generativ rəqib şəbəkələrin ümumi strukturunu təqdim edib, bu şəbəkələr vasitəsilə verilənlərin çoxaldılmasının tətbiq sahələrini diqqətə çatdırıb.
Məruzəçi eksperimentlər əsasında əldə olunmuş nəticələri təqdim edib, əsas problemləri diqqətə çatdırıb. Qeyd edib ki, modelin öyrədilməsi müxtəlif, zəngin verilənlər toplusu tələb etməklə yanaşı, uzun öyrənmə müddəti tələb edir.
Tədqiqat ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Məruzə ilə bağlı çıxış edən akademik R.Əliquliyev proqram sistemlərinin etibarlılığı və dayanıqlılığı, bu sistemlərin immunitetinin artırılması, süni immun sistemlərinin proqramlarda tətbiqi istiqamətində aparılan tədqiqatların önəmini vurğulayıb. Alim müasir dövrdə aktuallıq kəsb edən zərərli proqramların aşkarlanması üsullarının işlənilməsi məsələlərinə həsr olunmuş tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib, tədqiqat işində zərərli proqramların aşkarlanmasında tətbiq olunmuş generativ rəqib şəbəkələrin əsaslandırılması, o cümlədən istifadə olunan terminlərin dil tələblərinə uyğunlaşdırılması ilə bağlı təkliflərini verib.