Paralimpiyaçılarımız Sumqayıtda uğurlu nəticəyə nail olublar
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib. 19-20 dekabr tarixlərini əhatı edən yarışlarda 8 idman növü (paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton, parakamandan oxatma, boccia) 130 uşaq paralimpiyaçı iştirak edib.
Uşaq Paralimpiya Oyunlarında Naxçıvan Muxtar Respublikasından 3 məşqçi və 4 paralimpiyaçı iştirak edib. Təmsilçilərimiz 2 qızıl və 2 gümüş medal qazanıblar.
Parapauerliftinq yarışlarında Mehdi Quliyev qızıl, Həsən Qasımov (hər ikisi Şərur) isə gümüş medalçı olub. Parastolüstü tennis yarışında Rəhman Baxşəlizadə (Naxçıvan) qızıl medal qazanmağa müvəffəq olub. Parastolüstü tennisdəki digər təmsilçimiz İsmayıl Həsənli (Culfa) gümüş medala sahib çıxıb.
Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi əlilliyi olan uşaqların idmana cəlb olunması və onların idman bacarıqlarının inkişaf etdirilməsi ilə Azərbaycanı gələcəkdə beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni paralimpiyaçı nəslinin yetişdirilməsidir.
