Ümummilli Lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyi dövründə və ondan sonrakı dövrlərdə bütün sahələr kimi təhsili də ön plana çəkir, hələ ozamandan maarifçilik toxumlarını əkirdi. Həmin dönəmdə yarıtmaz və səriştəsiz təhsil rəhbərləri qohumluq və dostluq münasibətlərinə görə adamları məsul vəzifələrə təyin edir və bu hallara qarşı mübarizə aparmırdılar. Onlar bu cür faktları pisləmək əvəzinə günahkarı təmizə çıxarırdılar.
Vəzifəli şəxslər tərəfindən elmi dərəcə almaqla öz vəzifə kürsülərində daha da möhkəmlənmək və irəli çəkilmək naminə dissertasiyaların yazılmasına nəzər yetirən dahi lider vurğulayırdı ki, bu işlərin çoxu nə elmi, nə də ki praktiki əhəmiyyət kəsb edir. Dissertasiyaların çoxu şəxsi maraq müqabilində yazılır və bütün bunlar elmin inkişafına, savadlı və layiqli kadr potensialının formalaşmasına mənfi təsir göstərir.
1971-ci ildə Bakı şəhər partiya konfransında çıxış edən dahi lider elm və mədəniyyət sahələrində dirçəlişdən söz açaraq bildirirdi ki, mütəxəssislərin hazırlanmasında respublikanın nailiyyətləri xaricdə qiymətləndirilir, 36 ölkənin nümayəndəsi olan 840-dan artıq oğlan və qız Azərbaycanın ali məktəblərində təhsil almağa başlayırdı. Bu dönəmdə yeni təfəkkürlü, yüksək məsuliyyətli, qətiyyətlə qayda-qanun yarada bilən kadrlara böyük ehtiyac var idi. Cəmi bir neçə il sonra 1977-ci ildə beş yeni ali məktəb yaradıldı. Pedaqoji institutun filialları bazası əsasında Naxçıvan və Xankəndi müstəqil pedaqoji institutları, Çingiz İldırım adına Politexnik İnstitutunun inşaat və memarlıq fakültələrinin bazasında İnşaat Mühəndisləri İnstitutu, Mirzə Fətəli Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutu fəaliyyət göstərir, yeni orta ixtisas məktəbləri açılırdı. Respublika sənayesinin strukturunda baş vermiş dəyişikliklərlə əlaqədar ali məktəblərdə 29 yeni fakültə, 76 kafedra, çoxlu müasir problem laboratoriyaları yaradılmışdır. 1977-ci ildə respublikada 526 kafedrası və 134 fakültəsi olan 16 ali məktəbdə 100 mindən çox oğlan və qız təhsil alırdı. 1972-1977- ci illərdə ali hərbi təhsil müəssisələrinə daxil olan azərbaycanlıların sayı bütün əvvəlki illərdən üç dəfə çox olmuş və yalnız 1977-ci ildə bu ali hərbi məktəblərə 150 azərbaycanlı qəbul olunmuşdur.
Ümummilli Lider bütün sahələrdə işi aşkarlıqla idarə etməyi tövsiyyə edirdi. Aşkarlıq idarəetmə orqanlarının işinin məhsuldar olması, tərbiyənin səmərəliliyinin, demokratiyanın təkmilləşdirilməsinin, köhnəliyin qalıqları ilə mübarizənin ən təsirli vasitəsidir.
1981-ci ildə dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal umummulli liderlə görüşərkən demişdi ki, müxtəlif ölkələrdə olub, lakin heç də hər yerdə Azərbaycandakı kimi dövlətin elmin inkişafında bu qədər maraqlı olmasını görməyib. O, Qobustan qayaüstü yazılarının qorunması üçün necə böyük işlər görüldüyünü məmnunluqla vurğulamışdır. 1982-ci il yanvarın 15-də Heydər Əliyevin ədəbiyyat və incəsənət xadimlərindən ibarət böyük bir heyətlə Şuşada, böyük Azərbaycan şairi Vaqifin abidəsinin açılışında iştirak etməsi faktı da Tur Heyerdalın diqqətindən qaçmamışdır. Bu da onun siyasi uzaqgörənliklə milli mədəni irsimizə dövlət səviyyəsində yüksək qayğısının təzahürüdür.
Ulu Öndər Heydər Əliyev gələcəkdə müstəqil Azərbaycanın yerli kadr potensialına, hərtərəfli, peşəkar mütəxəssislərə yaranacaq tələbatı da əvvəlcədən görür, buna görə də hələ ötən əsrin 70-80-ci illərində təhsillə ciddi maraqlanır, ali təhsil ocaqlarının rektor və prorektorlarını vəzifələrindən sui-istifadə etdikləri və rüşvətxorluğa yol verdikləri üçün ciddi tənqid edirdi. Dövlət xadimi hakimiyyətdə olduğu illər təhsil sistemi təkcə milli-mədəni kimliyin qorunması və inkişafı deyil, həm də cəmiyyətin modernləşdirilməsi üçün mühüm bir vasitəyə çevrildi. Bu siyasət daima milli və mədəni əsaslara söykəndi. Məktəb və ali təhsil müəssisələrində təhsilin inkişafı üçün ciddi addımlar atılması Azərbaycan dilinin dövlət dili statusunu möhkəmləndirən qərarlarla nəticələndi. Şəhər və kəndlərdə tikilən yeni məktəblər maddi texniki bazanın güclənməsinə səbəb oldu. Elmin və ali təhsilin inkişafı strateji prioritet kimi qəbul edildi. Azərbaycan Milli Elmlər Akademiyası və ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndi. Gənc alimlərin dəstəklənməsi məqsədilə xüsusi proqramlar hazırlandı. Xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı artırıldı.
Azərbaycan müstəqillik qazandıqdan sonra isə Heydər Əliyev təhsil siyasətinin yeni istiqamətlərini müəyyənləşdirdi. 1999-cu ildə “Təhsil haqqında” Qanunun qəbul edilməsi ilə təhsil sisteminin hüquqi bazası yenidən quruldu. Beynəlxalq təhsil standartlarına uyğunlaşmaq və Avropa təhsil sisteminə inteqrasiya prioritetə çevrildi.
Dahi liderin təhsil siyasəti Azərbaycanın milli dəyərlərini qorumaqla yanaşı, cəmiyyətin müasir təhsil sistemində inkişafına xidmət edirdi. Məhz bu siyasət nəticəsində Azərbaycanın bugünkü təhsilinin təməli yaranmış və gələcək nəsillərə ərmağan edilmişdir. Bu siyasət bu gündə Azərbaycanın təhsil sisteminin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində rəhbər prinsiplərdən biri kimi istifadə edilir.
Gülxarə Əhmədova
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı