Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə “I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı” (ICCHST – NAXÇIVAN 2026) öz işinə başlayıb.
NTV xəbər verir ki, beynəlxalq konfrans görkəmli Azərbaycan memarı Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunub.
Beynəlxalq elmi platforma kimi nəzərdə tutulan tədbir Naxçıvan Dövlət Universiteti ilə yanaşı Mingəçevir Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Türkiyənin Karadeniz Teknik Universiteti, Akdeniz Universiteti, Gümüşhane Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Macarıstanın Szechenyi Istvan Universiteti, Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti və Pamukkale Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın əsas məqsədi mədəni irs və dayanıqlı turizm sahəsində aparılan müasir elmi araşdırmaların müzakirəsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və xüsusilə gənc tədqiqatçılar üçün yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.
Tədbir həm ənənəvi, həm də onlayn formatda təşkil olunub. Konfrans çərçivəsində tarixi, arxeoloji və mədəni irsin nəzəri əsasları, mədəni irsin qorunması və turizmin inkişafı, ağıllı turizm və qonaqpərvərlik idarəçiliyində innovativ yanaşmalar, turizm və iqlim dəyişikliyi kontekstində dayanıqlılıq, eləcə də davamlı turizmin iqtisadi, təhsil və geosiyasi aspektlərinə dair elmi məruzələr təqdim edilir.
Konfransın işçi dilləri Azərbaycan, türk və ingilis dilləridir. Tədbirdə təqdim olunan məruzələr elmi ekspertizadan sonra xüsusi konfrans materialları toplusunda dərc olunacaq.
Sonda iştirakçılara rəsmi sertifikatların təqdim ediləcəyi qeyd olunub.
