Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, Günəşin aktivliyi əvvəlki tempdə davam edəcək. Hazırda Günəşin səthində 7 ləkə qrupu və 109 ləkə var.
Günəş küləyi sürətini saxlayaraq ~550 km/san ətrafında olub. Hazırda planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 6.47 nT, radial istiqamətdə isə 2.24 nT təşkil edir.
Geomaqnit sahəsi sakitdir (1 Kp).
Mayın 15-dən 21-dək C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 15 faiz, X (R3) sinif isə 1 faiz təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin normal və orta səviyyədə, enerjisi 10 MeV-dən çox olan proton selinin proqnoz dövründə mayın 16-dək fon səviyyəsində qalacağı, sonra isə Tac Kütlə Atılmalarının təsiri ilə yüksələ biləcəyi gözlənilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1 faiz təşkil edir. Günəş küləyinin sürətinin normala dönəcəyi, mayın 12-də baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə mayın 16-dan başlayaraq yenidən sürətlənəcəyi gözlənilir.
Geomaqnit sahəsinin mayın 16-dan başlayaraq proqnoz dövrünün sonunadək qeyri-stabil olacağı proqnozlaşdırılır.
