Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şahbuz şəhərində Baku TV-nin xəbər aparıcısı Jalə Ədilovanın təqdimatında “Effektiv ünsiyyət və liderlik bacarıqları” adlı təlim reallaşıb.
Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Fərhadlı iştirakçıları salamlayaraq belə təşəbbüslərin bölgə gəncləri üçün əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata əsasən Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək gənclərin şəxsi inkişafı və ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən layihələrdən danışıb, keçirilən təlimin bu baxımdan önəmini vurğulayıb.
Təlim zamanı səlis nitq üçün vacib olan metodlar, bədən dilindən effektiv istifadə, o cümlədən liderlik bacarıqlarının formalaşdırılması kimi mövzularda praktik məsləhətlər verilib. Jalə Ədilova iştirakçıların ünvanladığı sualları cavablandıraraq onlarla öz təcrübə və biliklərini bölüşüb.
Təlimdə gənclərlə yanaşı müxtəlif yaş qruplarından olan iştirakçılar da fəallıq göstəriblər.
