İsrailin “Precise Bio” şirkəti bioçap üsulu ilə hazırlanmış buynuz qişa toxumasını beş xəstəyə köçürüb. Şirkətin məlumatına görə, əməliyyatdan sonra xəstələrdən birinin görmə qabiliyyəti bərpa olunub.
NTV İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyatlar Hayfa şəhərindəki Rambam xəstəxanasında aparılıb. İnsan donor hüceyrələri əsasında hazırlanan texnologiyanın buynuz qişası transplantasiyası üçün donor çatışmazlığını azaltmağa kömək edəcəyi gözlənilir.
“Precise Bio” şirkəti gələcəkdə texnologiyanı digər toxumaların, o cümlədən ürək, qaraciyər və böyrəklərin hissələrinin istehsalına tətbiq etməyi hədəfləyir.
