satellite   Azerspace-1: 11135 H 30000

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyinin gücləndirilməsini tələb edir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyinin gücləndirilməsini tələb edir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların artması fonunda Avropa İttifaqı və NATO-nu regionda təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırlar.

NTV xəbər verir ki, son on gün ərzində iki ölkənin sahilləri yaxınlığında mülki gəmilərə qarşı altı dron hücumu qeydə alınıb. Hücumların ehtimal olunan mənbəyi kimi Rusiya göstərilir.

Rumıniyanın “Radio Romania International” nəşrinin məlumatına görə, yaranmış vəziyyətlə əlaqədar Rumıniya və Bolqarıstanın müraciəti əsasında NATO-nun Şimali Atlantika Şurasında Qara dənizin təhlükəsizliyi müzakirə olunub. Brüsseldə keçirilən görüşdə müttəfiq ölkələrin səfirləri regionda müşahidə, kəşfiyyat və insidentlərin araşdırılması imkanlarının gücləndirilməsi üçün əlavə dəstəyin göstərilməsi barədə razılığa gəliblər.

NATO-nun sözçüsü Ellison Hart bildirib ki, Alyans artıq şərq cinahında, o cümlədən pilotsuz uçuş aparatlarına qarşı müdafiə sahəsində imkanlarını genişləndirib. Onun sözlərinə görə, üzv dövlətlər yaranan təhlükələrə qarşı birgə fəaliyyət göstərməkdə davam edəcəklər.

Qara dənizdə təhlükəsizlik məsələsi Avropa Parlamentində də müzakirə olunub. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas taxıl daşıyan gəmilərin qorunması məqsədilə regionda Aİ-nin dəniz missiyasının yaradılması ideyasını dəstəkləyib. O, Rumıniya və Bolqarıstanın ərazi sularında da baş vermiş son insidentləri təhlükəli eskalasiya kimi qiymətləndirərək, Qara dənizdə gəmiçiliyə qarşı hücumların qlobal ərzaq təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

K.Kallas qeyd edib ki, Rumıniya və Bolqarıstanın Avropa İttifaqının dəstəyi ilə yaratmağı planlaşdırdığı Qara dəniz təhlükəsizlik mərkəzi kəşfiyyat məlumatlarının mübadiləsini və regional koordinasiyanı gücləndirəcək.

Rumıniyalı Avropa Parlamenti deputatı Viktor Neqresku isə bildirib ki, Avropa İttifaqı növbəti ciddi insidenti gözləmədən konkret tədbirlər görməlidir. Onun sözlərinə görə, Avropa Parlamentində səsverməyə çıxarılması nəzərdə tutulan qətnamə layihəsində Qara dənizdə dəniz təhlükəsizliyi mərkəzinin təcili maliyyələşdirilməsi və fəaliyyətə başlaması tələb olunur.

Layihədə Rumıniyanın Konstansa limanının mərkəzi rol oynaması, müşahidə və operativ müdaxilə imkanlarının yaradılması, həmçinin tədbirlərin həyata keçirilməsi üçün konkret vaxt cədvəlinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi regionun limanları, beynəlxalq yükdaşımalar və Avropa ilə Asiya arasında ticarət əlaqələrinin sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM