Fransanın cənubundakı Tulon şəhərində təhlükəsizlik tədbirləri çərçivəsində yetkinlik yaşına çatmayan şəxslər üçün komendant saatı tətbiq ediləcək, şənbə günü isə şəhər mərkəzində nümayişlər qadağan olunacaq.
NTV xəbər verir ki, BFMTV-nin məlumatına görə, Var departamentinin prefekti Simon Babr bir sıra məhdudlaşdırıcı tədbirləri açıqlayıb. Komendant saatı şənbə günü saat 18:00-dan bazar günü saat 06:00-dək qüvvədə olacaq. Məhdudiyyət Tulonun şəhər mərkəzinə, eləcə də bir çox küçə və ticarət mərkəzlərinə şamil ediləcək.
Şəhər mərkəzində şənbə günü saat 11:00-dan gecə yarısınadək nümayişlərin keçirilməsi qadağan olunacaq. Bundan başqa, çərşənbə günü saat 14:00-dan bazar ertəsi saat 09:00-dək ictimai yerlərdə üzü gizlətmək, pirotexniki vasitələri, silahları və mərmi kimi istifadə oluna biləcək əşyaları daşımaq və saxlamaq qadağan ediləcək.
Kafelərin açıq terraslarında isə müştəri tutumunun yalnız 50 faizindən istifadəyə icazə veriləcək. İctimai nəqliyyatın fəaliyyəti şənbə günü saat 10:00-dan bazar günü saat 06:00-dək dayandırılacaq.
Məhdudiyyətlərə baxmayaraq, şənbə günü saat 21:00-da keçirilməsi planlaşdırılan “Röqi Klüb Tulone” (RCT) – Po reqbi matçı təxirə salınmayıb. Mayol stadionunun yaxınlığında azarkeşlər üçün yaradılmış xüsusi zona da fəaliyyətini davam etdirəcək.
BFMTV qeyd edir ki, Fransanın cənubundakı digər şəhərlərdə, o cümlədən Marsel və Nitsada da oxşar məhdudiyyətlər elan edilib.
