Son illər bütün dünyada iqlim dəyişiklikləri baş verir və bu da birbaşa kənd təsərrüfatına təsir göstərir. Məsələn, son 30 ildə Azərbaycanda dolu yağması halları 3 dəfə, daşqın hadisələri 18 dəfə, şiddətli küləkli günlərin sayı isə 12 dəfə artıb. Bundan ən çox zərər çəkən də kənd təsərrüfatı, əkin sahələri və fermerlərdir. Belə bir halda aqrar sığorta kənd təsərrüfatını zərərlərdən qorumaq üçün vacib mexanizmdir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov söyləyib.
O deyib ki, Aqrar Sığorta Fondu yarandığı gündən bəri zərər görən fermerlərə ödənişlər həyata keçirir və bu ödənişlərin məbləği hər il artmaqdadır. Baş vermiş müxtəlif hadisələrdən dəyən zərərlərə görə, 2021-ci ildə 200 min, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon, 2024-cü ilin ilk 11 ayında isə 5,6 milyon manat sığorta ödənişi həyata keçirilib. Başqa sözlə, bu günədək fond fermerlərə 12 milyon manat sığorta ödənişi edib, ilin sonunadək bu məbləğ 14 milyon manata yaxınlaşacaq.
Roman Əmircanovun sözlərinə görə, bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da kənd təsərrüfatı iqtisadiyyat, istehsal, iş yerləri baxımından böyük əhəmiyyətə malikdir: “Bu günə qədər Naxçıvanda Aqrar Sığorta Fondu təsis edilmişdi, amma o, təəssüf ki, fəaliyyət göstərməmişdi. İndi - Aqrar Sığorta Fondu yarandıqdan 5 il sonra Naxçıvanda fəaliyyətə başlayır. Bizim əsas məqsədimiz burada fermerlərin gəlirlərinin və məhsullarının qorunması, fermerlərin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, aqrar sektora investisiyaların cəlbi üçün münbit şəraitin yaradılmasıdır. Filialımız fəaliyyətə başlayan kimi, Naxçıvanın bütün ərazisində fermerlərlə görüşlər keçiriləcək, onlara aqrar sığorta barədə geniş məlumat veriləcək. Əkin sahələrinin sığortalanması üçün əsas tələb – fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) öz əkinlərini bəyan etməsidir. Heyvanların sığortasında isə əsas tələb, onların birkalanması və EKTİS-də qeydiyyatıdır”.
“Aqrar Sığorta Fondu indiyədək də ölkənin müxtəlif ərazilərində, müxtəlif iqlim qurşaqlarına xas olan bölgələrdə təsərrüfatların sığortasını həyata keçirib. Buna görə də Naxçıvanın kəskin kontinental iqliminə rəğmən təsərrüfatların sığortalanması bizim üçün çətin olmayacaq. Artıq bu sahədə kifayət qədər təcrübəmiz var və fəaliyyətə başlayandan sonra fermerlər və sakinlər Aqrar Sığorta Fondunun necə çalışdığının şahidi olacaqlar. İlkin müşahidələrimizə görə, Naxçıvanda fermerlərə zərər vuran əsas təbiət hadisələri dolu və güclü külək, yəni qasırğa və ya fırtınadır. Aqrar sığorta bu risklərin hər birini qarşılayır, yəni bu hadisələrdən fermerlərə zərər dəyərsə, biz, əlbəttə ki, dəymiş zərərləri sığorta etməyə hazırıq”, – deyə Aqrar Sığorta Fondunun rəsmisi əlavə edib.