Naxçıvan Muxtar Respublikası büdcəsində sosial xərclər 67 faizə yaxın təşkil edir
NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan televiziyasının “Üzbəüz” proqramında Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov bildirib.
Qeyd olunub ki, 2024-cü il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinə nəzərdə tutulan plandan 71 milyon manat çox vəsait toplanmış, büdcə 261 milyon manat məbləğində icra olunmuşdur. Muxtar respublikanın büdcə xərcləri 429.6 milyon manat, ayrılan dotasiya isə 185 milyon 150 min manat məbləğində icra edilmişdir. Beləliklə, Naxçıvan Muxtar Respublikası büdcəsinin xərclərinin 57 faizini muxtar respublikadan yığılan vergi, rüsum və digər ödənişlər hesabına icra edilmişdir.
2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcə qanununun layihəsinin tərtibində yenilik ondan ibarətdir ki, Azərbaycan Respublikasının Dövlət Büdcəsinin mərkəzləşmiş xərclərindən ayrılan dotasiyanın muxtar respublika büdcəsinin gəlirlərində əks olunması təmin edilib, ünvanlı və nəticəli büdcə planlaşdırılmasına əhəmiyyət verilib. Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin xərcləri 505 milyon 184 min manat həcmində müəyyən olunub.
Nazir vurğulayıb ki, 2025-ci ildə qarşıda duran ən ciddi hədəf muxtar respublika büdcəsində maliyyə intizamının, büdcə intizamının təmin olunmasıdır. Bu məqsədlə maliyyə mühasibatlığı sahəsində daha intensiv kursların və təlimlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Üzbəüz” proqramı fevralın 2-də saat 21:00-da Naxçıvan televiziyasında efirə yayımlanacaq.