Bu ilin I yarısında Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclasının keçirilməsi nəzərdə tutulur.
Bu barədə NUHÇIXAN Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşündə iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi perspektivlərini müzakirə edib.
"Martın 3-də keçirilmiş danışıqlarda tərəflər mövcud razılaşmaların vaxtında həyata keçirilməsi üzrə tədbirləri, hər iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin bu prosesə geniş şəkildə cəlb edilməsinə diqqət yetirilməklə ticari-iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi perspektivlərini müzakirə edib", - məlumatda qeyd olunub.
Xüsusilə, şəhərsalma, turizm və kənd təsərrüfatı sahəsində əvvəllər razılaşdırılmış layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
"Həyata keçirilən işlərin sürətləndirilməsi üzrə kompleks vəzifələrin müəyyənləşdirilməsi ilə yanaşı, tərəflər yeni investisiya layihələrinin dəstəklənməsi çərçivəsində qarşıdakı birgə addımları razılaşdırıblar", - məlumatda bildirilib.
İnvestisiya əməkdaşlığı sahəsində müsbət dinamika qeyd edilib. Hazırda Özbəkistanda Azərbaycan investisiyalarının iştirakı 257 müəssisə, o cümlədən 56 birgə müəssisə və 100 % Azərbaycan kapitalı ilə 201 müəssisə fəaliyyət göstərir.
"Tərəflər bu göstəricilərin dəfələrlə artırılması üçün böyük potensialın olduğunu qeyd edib, Özbəkistan və Azərbaycanın biznes dairələri arasında perspektivli layihələrin təşviqi üzrə planları razılaşdırıblar. Görüşün yekununda, həmçinin 2025-ci ilin birinci yarısında Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının və Özbəkistan-Azərbaycan çoxşaxəli əməkdaşlığının ikitərəfli gündəliyi çərçivəsində digər tədbirlərin keçirilməsi üzrə qarşılıqlı tədbirlər razılaşdırılıb", - məlumatda qeyd edilib.