Almaniya Müdafiə Nazirliyi ordu üçün yeni yüngül döyüş helikopterlərinin alınması layihəsində ciddi problemlərlə üzləşib.
NTV xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı Almaniya Federal Auditorlar Məhkəməsinin Bundestaq üçün hazırladığı məxfi hesabata istinadla məlumat yayıb.
Hesabata görə, helikopterlərin döyüşə hazır vəziyyətə gətirilməsi planlaşdırılandan gec baş verəcək. Sursatların sertifikatlaşdırılması ilə bağlı çətinliklər səbəbindən ilk təhvil veriləcək helikopterlər uçuşa hazır olsa da, silahdan istifadə edə bilməyəcək.
Bu vəziyyət Almaniyanın NATO qarşısında 2029-cu ilədək 12, 2032-ci ilədək isə 72 döyüşə hazır yüngül helikopter təmin etmək öhdəliyini yerinə yetirməsini çətinləşdirə bilər.
Qeyd edək ki, 2023-cü ildə Almaniya “Airbus” şirkəti ilə 2,5 milyard avro dəyərində müqavilə imzalayıb. Sazişə əsasən, şirkət 2028-ci ilin sonunadək H145M helikopterinin hərbi versiyasını hazırlamalıdır.
