Bu gün Bakıda “Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı, vergi, gömrük və sosial sığorta güzəştləri” mövzusunda tədbir keçirilib.
Dövlət Vergi Xidmətindən NTV-yə bildirilib ki, tədbirin keçirilməsinin əsas məqsədi 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri barədə sahibkarların ətraflı məlumatlandırılması, regionun investisiya imkanlarının tanıdılması və işgüzar fəallığın təşviqidir.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Azər Bayramov ölkədə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verib. Qeyd edib ki, 2022-2025-ci illər üzrə orta illik artım tempi sosial-iqtisadi inkişaf Strategiyasında müəyyən olunmuş 5 faizlik hədəfi üstələyərək 5,6 faiz təşkil edib. Son illərdə qeyri-neft sektorunun inkişafı və vergi islahatları nəticəsində ölkənin fiskal dayanıqlığı güclənib, strateji valyuta ehtiyatları 85 milyard dolları ötüb. Nazir müavini diqqətə çatdırıb ki, dövlət başçısının beynəlxalq arenada əldə etdiyi mühüm uğurlar və suverenliyimizin tam bərpası ölkənin iqtisadi inkişafı üçün yeni imkan və çağırışlar müəyyən edir. Bu fonda Zəngəzur dəhlizinin reallaşdırılması Naxçıvan Muxtar Respublikası üçün xüsusi imkanlar açacaq. Son illərin sosial-iqtisadi göstəriciləri muxtar respublikasının iqtisadi aktivliyinin artdığını nümayiş etdirir. Dövlətin sahibkarlara göstərdiyi dəstəyin daha da gücləndirilməsi məqsədilə Naxçıvanda da vergi güzəştlərinin 10 il müddətinə tətbiqinə başlanılıb. Yaradılmış şərait Naxçıvanın iqtisadi potensialının reallaşdırılmasına və sosial rifahın yaxşılaşmasına gətirib çıxaracaq.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Naxçıvanın son illərdə əldə etdiyi sosial-iqtisadi nəticələrə və regionun strateji üstünlüklərinə diqqət çəkib. Qeyd edib ki, açılması nəzərdə tutulan sənaye parkı və mövcud sənaye məhəlləsinin fəaliyyəti, istehsal və logistika imkanlarının genişlənməsi, eləcə də Türkiyə ilə quru sərhədinin mövcudluğu Naxçıvanı regional və beynəlxalq bazarlara çıxış baxımından mühüm iqtisadi mərkəzə çevirir. Nazir həmçinin sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiyaların təşviqi və dövlət – özəl sektor əməkdaşlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialının artdığını, son illərdə regionda sahibkarlıq mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib. Qeyd edib ki, 2025-ci ildə muxtar respublikada büdcəyə vergi daxilolmaları 260 milyon manatdan çox olub, daxilolmaların 70 faizdən artıq hissəsi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmət rəisinin müavini 2026-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasında 10 il müddətinə tətbiq edilən vergi güzəştlərinin mənfəət və gəlir vergisini, əmlak və torpaq vergisini, sadələşdirilmiş vergini, dividend gəlirlərini, eləcə də idxalda əlavə dəyər vergisini əhatə etdiyini diqqətə çatdırıb. Bildirib ki, güzəştlər regionda investisiya qoyuluşunun stimullaşdırılmasına xidmət edir.
Tədbirdə sahibkarların ictimai birliklərinin rəhbərləri də çıxış ediblər. Daha sonra Naxçıvan Muxtar Respublikasında 2026-cı ildən tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri, eləcə də muxtar respublikanın iqtisadi potensialı və sahibkarlar üçün dəstək mexanizmlərinə dair təqdimatlar keçirilib.
Tədbir çərçivəsində sahibkarları maraqlandıran suallar dövlət qurumlarının nümayəndələri tərəfindən cavablandırılıb.
