Yaxın Şərqdəki münaqişə səbəbindən neft qiymətlərinin bahalaşması, inflyasiyanın artacağı ilə bağlı narahatlıqlar, faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağına dair gözləntilər və dolların möhkəmlənməsinin təzyiqi altında qızılın qiyməti həftəni itkilərlə tamamlamağa yönəlib.
NTV xəbər verir ki, bazardakı qeyri-müəyyənlik fonunda qızılın qiymətindəki dəyişkənlik davam edir.
Həftənin əvvəlində Nyu-Yorkun COMEX əmtəə birjasında bir troya unsiyası 4700 dollardan baha satılan qızılın qiyməti hazırda 4500 dollar civarındadır. Qızılın qiyməti mayın 6-dan bəri – təxminən bir həftədən çox müddətdə ən aşağı səviyyəyə düşüb, bu həftə ərzində isə 2 faizdən çox dəyər itirib.
Analitiklərin fikrincə, qızıl hər tərəfdən təzyiq altındadır. Bildirilir ki, neft qiymətlərinin yüksəlməsi inflyasiya artımını yenidən ön plana çıxarıb. Bu, istiqraz gəlirlərini və dolları daha da yüksəldir, faiz dərəcələrinin endirilməsi gözləntiləri isə qızıla mənfi təsir göstərir.
Qızıl inflyasiyaya qarşı bir hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcələri bu qiymətli metala təzyiq göstərir. Fevralın sonlarında ABŞ-İran münaqişəsinin başlamasından bəri qızıl qiyməti təxminən 13 faiz ucuzlaşıb. Qızılın qiyməti mart ayında isə 2008-ci ildəki qlobal maliyyə böhranından bəri ən pis aylıq göstərici nümayiş etdirib.
ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri isə qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırdılar. Mərkəzi ofisi Avstraliyada yerləşən “ANZ Group Holdings” çoxmillətli bankçılıq və maliyyə xidmətləri şirkətinin analitiklərinə görə isə qızılın qiyməti 2027-ci ilin ortalarına qədər 6000 dollara yüksələcək.
