Son onilliklərdə geoməkan məlumatlarının həcmində sürətli artım baş verib.
NTV xəbər verir ki, bunu Dünya Bankının Şəhər inkişafı məsələləri üzrə aparıcı iqtisadçısı Mark Roberts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər böyüməsi üçün geoməkan kəşfiyyatı: mənzil tikintisinin iqtisadi potensialının açılması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, mövcud məlumatların miqdarında, keyfiyyətində (ayırdetmə qabiliyyəti nəzərə alınmaqla) və əhatə dairəsində əhəmiyyətli artım olub: "Çoxsaylı qlobal məlumat dəstləri mövcuddur. Dünya Bankında həm digər təchizatçılardan əldə edilən, həm də müstəqil şəkildə yaratdığımız məlumatlardan istifadə olunur. Bunlar arasında Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin Qlobal Yaşayış Məntəqələri Qatının məlumatları, eləcə də "OpenStreetMaps" kimi açıq mənbə məlumatları var".
Qonaq qeyd edib ki, Dünya Bankı olaraq şəhər genişlənməsinin nə qədər sürətlə baş verdiyini, bu və ya digər ölkələrdə və regionlarda niyə baş verdiyini araşdırırlar: "Bu, siyasi qərar qəbul edənlər üçün bir neçə səbəbdən vacibdir. Birincisi, bu, şəhərlərin səmərəli şəkildə məhsuldarlığa, ekoloji mülahizələrlə uyğun olacaq şəkildə böyüyüb-böyümədiyini müəyyən etməyə kömək edir. Bu, kompakt iqtisadi artım modelləri ilə daha çox ətraf mühitin deqradasiyası, daha böyük karbon izi ilə əlaqələndirilən və şəhərlərdə məhsuldarlıq və yaşayış rahatlığı baxımından o qədər də yaxşı olmayan daha yayılmış modellər arasında fərqləndirməni nəzərdə tutur. Bu həmçinin şəhər idarəçiliyi baxımından çox vacibdir".
