Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Ian Saunders Azərbaycana səfərə gəlib.
NTV xəbər verir ki, səfər çərçivəsində Baş katib əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Səfər çərçivəsində Dövlət Gömrük Komitəsində Ian Saunders ilə keçirilən görüşdə ÜGT ilə Azərbaycan gömrük xidməti arasında uzunmüddətli və səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, əlaqələrin daha da genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Baş katibə son illər Azərbaycan gömrük xidmətində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı həllər, innovativ layihələr və müasir idarəetmə yanaşmaları barədə təqdimatlar əsasında ətraflı məlumat verilib.
Daha sonra Ian Saunders Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzinin fəaliyyəti və Gömrük Tarixi Muzeyi ilə tanış olub.
Səfərin sonunda ÜGT-nin Baş katibi Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə görüşüb. O, gömrük işinin inkişafı istiqamətində tətbiq olunan yeni yanaşmalar, müasir çağırışlar, eləcə də Ümumdünya Gömrük Təşkilatının bu sahədə həyata keçirdiyi fəaliyyət və qarşıya qoyduğu hədəflər barədə fikirlərini bölüşüb.
