İyunda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft istehsalı əvvəlki aya nisbətən 3 milyon 51 min barel artaraq gündəlik 22 milyon 2 min barelə çatıb. OPEC-in neft hasilatı mart ayından bəri davam edən azalmadan sonra iyunda ilk dəfə artıb.
NTV OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, ötən ay ən çox istehsal artımı Küveyt, İraq, İran, Liviya, Qabon, Nigeriya və Əlcəzairdə qeydə alınıb. Küveytin hasilatı isə 880 min barel artaraq 1 milyon 452 min barelə, İraqın hasilatı isə 446 min barel artaraq 1 milyon 970 min barelə çatıb. İranın gündəlik neft hasilatı 155 min barel artaraq 2 milyon 441 min barelə, Liviyanın istehsalı 22 min barel artaraq 1 milyon 325 min barelə, Qabonun hasilatı isə 10 min barel artaraq 224 min barelə yüksəlib. Nigeriya və Əlcəzairdə gündəlik neft hasilatı hər biri 5 min barel artım olmaqla müvafiq olaraq 1 milyon 559 min və 987 min barel təşkil edib.
Səudiyyə Ərəbistanı, Ekvatorial Qvineya, Konqo və Venesuelada neft hasilatı azalıb. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 99 min barel azalaraq 6 milyon 847 min barel, Ekvatorial Qvineya və Konqonun hasilatı isə hər biri 7 min barel azalaraq müvafiq olaraq 44 min və 274 min barel olub. Venesuelanın gündəlik neft hasilatı 1000 barel azalaraq 1 milyon 70 min barelə düşüb.
İyunda OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun xam neft hasilatı əvvəlki ayla müqayisədə 2 milyon 999 min barel artaraq gündəlik 36 milyon 278 min barel olub.
