Cari ilin ikinci rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 3173 müraciət daxil olub.
Agentlikdən NTV-yə bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 492-si məlumat üçün olmaqla 2774 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 39-u məlumat xarakterli olmaqla 354 müraciət olunub. İstilik təchizatı ilə bağlı biri məlumat üçün olmaqla 14 müraciət edilib. Digər məsələlərlə bağlı isə biri məlumat üçün olmaqla 31 müraciət göndərilib.
Müraciətlərdən 2033-ü agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (55 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 11 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 596 müraciət hazırda baxılma prosesindədir, 533 məlumat xarakterli müraciətdən 294-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 34 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 75 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 36 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 116 inzibati xəta haqqında işə baxılıb, onlardan 108 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 8 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub. Həmçinin elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 271 nəzarət tədbiri keçirilib. Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 212 nəzarət tədbiri keçirilib.
Hesabat dövrü ərzində agentlik tərəfindən 95 müəssisədə 316 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.
