Dünyada sənaye istehsalı, elektromobillərin yayılması, kondisionerlərdən istifadənin artması və məlumat mərkəzlərinin genişlənməsi elektrik enerjisinə tələbatı artırmaqda davam edir.
NTV Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadla xəbər verir ki, qlobal elektrik enerjisinə tələbatın 2026-cı ildə 3,6 faiz, 2027-ci ildə isə 3,8 faiz artacağı proqnozlaşdırılır. Bu göstəricilər 2025-ci ildə qeydə alınmış 3 faiz artımı üstələyir. Qlobal elektrik enerjisi istehlakının 2025-ci ildəki 28 min 600 teravat-saatdan 2027-ci ildə 30 min 700 teravat-saata yüksələcəyi gözlənilir.
Hesabata əsasən, Yaxın Şərqdəki gərginlik nəticəsində qlobal təbii qaz bazarında baş verən dəyişikliklər bir çox regionda elektrik enerjisi istehsalının maya dəyərini artırıb. Buna baxmayaraq, sənaye, məişət cihazları, soyutma sistemləri, elektromobillər və məlumat mərkəzlərindən gələn yüksək tələbat elektrik enerjisi istehlakının artımını davam etdirəcək.
Hörmüz boğazında LNG daşınmalarında yaranan fasilələr Asiya və Avropada qaz qiymətlərini 2022–2023-cü illərin enerji böhranından bəri ən yüksək səviyyəyə çatdırıb. Bir sıra ölkələr enerji istehlakını məhdudlaşdırmaq üçün təcili tədbirlər görsə də, əlavə LNG tədarükləri, xüsusilə Şimali Amerikadan ixrac bazardakı gərginliyi qismən azaldıb. Bununla belə, yüksək qaz qiymətləri bəzi Asiya və Avropa ölkələrində elektrik istehsalında təbii qazın kömürlə əvəzlənməsinə səbəb olub.
IEA-nın qiymətləndirməsinə görə, bərpaolunan enerji mənbələri 2026-cı ildə kömürü geridə qoyaraq dünyanın ən böyük elektrik enerjisi mənbəyinə çevriləcək. Bərpaolunan enerji istehsalının 2026-cı ildə 8 faizdən çox artacağı, qlobal elektrik istehsalındakı payının isə 2025-ci ildəki 33 faizdən 2027-ci ildə 37 faizə yüksələcəyi gözlənilir.
Hesabatda Günəş enerjisinin qlobal elektrik istehsalında artımın əsas mənbəyi olaraq qalacağı vurğulanır.
Qeyd olunub ki, dünyanın aparıcı iqtisadiyyatlarında elektrik enerjisinə tələbat yüksək templə artacaq. Çində artımın 2026-cı ildə 5,5 faizə, Hindistanda isə 7 faizə çatacağı gözlənilir. ABŞ və Avropa İttifaqında elektrik enerjisinə tələbatın artım tempinin təxminən 2 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Yüksək yanacaq qiymətləri və təchizat problemləri Pakistan və Banqladeş kimi LNG idxalından asılı ölkələrdə elektrik istehlakına mənfi təsir göstərir.
Hesabatda hava şəraitinin proqnozlara təsir edə biləcəyi də vurğulanır. Bildirilir ki, 2026-cı ildə gözləniləndən daha güclü “El Nino” iqlim hadisəsi soyutma tələbatını artırmaqla yanaşı, su və külək enerjisi istehsalını azalda, nəticədə digər enerji mənbələrinə tələbatı yüksəldə bilər.
IEA-nın proqnozuna görə, elektrik enerjisi istehsalından yaranan karbon qazı emissiyaları 2026-cı ildə təxminən 1 faiz artacaq, 2027-ci ildə isə sabitləşəcək.
