Cari ilin yanvar-iyun aylarında “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) “Yaşıl Kart Sistemi” üzrə ixtisaslaşdırılmış təşkilat funksiyalarını uğurla davam etdirib. Hesabat dövründə “Yaşıl Kart Sistemi” çərçivəsində 20 min 379 “Yaşıl Kart” müqaviləsi rəsmiləşdirilib və ümumilikdə 3 milyon 136 min 239 manat sığorta haqqı toplanıb.
İSB-dən NTV-yə bildirilib ki, bu müqavilələrin 13 min 402-si Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə rəsmiləşdirilib və 752 min 906 manat sığorta haqqı yığılıb. Xaricdə – Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə isə 6977 “Yaşıl Kart” müqaviləsi rəsmiləşdirilərək 2 milyon 383 min 333 manat sığorta haqqı toplanıb.
İlin birinci yarısında Azərbaycan “Yaşıl Kart” sahiblərinin təqsiri səbəbindən Türkiyə, Rumıniya, Polşa, Çexiya və digər ölkələrdə ümumilikdə 165 yol-nəqliyyat hadisəsi üzrə 716 min 164 manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi 4340 manat olub. Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 69 hadisə üzrə 435 min 182 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 6307 manat təşkil edib.
“Yasil Kart” sistemi üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətini sığortalayan vahid təminat sistemidir. Sistemin məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.
İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və “Beynəlxalq Yaşıl Kart Sistemi”ndə Azərbaycanı təmsil edir. 2023-cü ilin yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycan yaşıl kartlarının satışı həyata keçirilir.
