NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq Möminə Xatın Türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması məqsədilə müqavilə bağlanmış Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri Erich Pummer və şirkətin Azərbaycan Respublikasındakı nümayəndəsi Çingiz Neyman-zadə ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində görüş keçirilib. Görüşdə nazir müavini, nazir vəzifəsinin müvəqqəti icraçısı Həsən Seyidov və Nazirliyin aid sahə üzrə əməkdaşları iştirak ediblər.
Şirkətin rəhbərliyi tərəfindən sentyabrın sonlarında Möminə Xatın türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün keçirilmiş ilkin baxışa əsasən hazırlanmış planlar və məlumatlar çap və elektron versiyada təqdim edilib. Qeyd olunub ki, layihə barədə qısa hesabatda abidənin mövcud vəziyyəti əks olunub.
Həsən Seyidov bildirib ki, Möminə Xatın türbəsi UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə ilkin siyahısına daxildir və bərpası zamanı detallara xüsusilə diqqət yetirilməlidir.Bərpa zamanı abidənin tarixiliyi qorunub saxlanılmalıdır.
Şirkətin rəhbəri Erich Pumer abidənin ilkin formaya uyğun bərpa ediləcəyini və interyerinin tədqiq edilərək uyğun materialın müəyyənləşməli olduğunu diqqətə çatdırıb.Hər bir halda işin gedişi zamanı yerli alim və mütəxəssislərin də rəylərinin alınacağını qeyd edib.
Həmçinin bərpa layihəsindəki digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.