Azərbaycanın repressiyaya məruz qalan ilk saksafoncusu və cazmeni

Azərbaycanın repressiyaya məruz qalan ilk saksafoncusu və cazmeni

Uşaqlıqdan gələn fitri istedad onu peşəkar musiqiçi olaraq yetişdirirdi. O, bu sahə üzrə təhsil almasa da, caz musiqilərini radiodan dinləyərək öz üzərində yorulmadan çalışırdı. Bu məğrur çalışması onu arzusuna çatdırdı. Ancaq dövrün haqsızlığı sənətkarın gənc ömrünə və yaradıcılığına düşmən kəsildi…

Azərbaycanın ilk saksafoncusu və cazmeni Pərviz Rüstəmbəyov 1922-ci il yanvar ayının 7-də Bakı şəhərində anadan olub. O, orta təhsil illərində pionerlər evində musiqi dərnəyinə yazılaraq klarnetdə mahnılar ifa edir. Pərviz kinoteatrda saksafonla ifası zamanı Tofiq Quliyevlə tanış olur. Tofiq Quliyev fitri istedada malik olan Pərvizi “Sənətkarlıq” kinoteatrındakı orkestrinə dəvət edir. Bir müddət orkestrda mahnılar ifa edən Pərviz Rüstəmbəyov İkinci Dünya müharibəsi başlanmasına görə orkestrin gənc ifaçıları ilə Naxçıvanda yerləşən 402-ci atıcı diviziyanın sərəncamına verilir. Onlar hərbi hissədə fəaliyyətlərinə davam edirlər. 1942-ci ilin sonunda hərbi hissədən tərxis olunan Pərviz Rüstəmbəyov A.V.Şestapalovun rəhbərliyi altında olan Aviasiya cazına təyinat alır. Burada iki il fəaliyyət göstərən sənətkar 1944-cü ildə Bakıya konsert verməyə gələn Eddi Rosnerin rəhbərlik etdiyi məşhur caz orkestrində mahnı ifa edir. Pərvizin ifası Rosnerin çox xoşuna gəldiyi üçün onu öz orkestrinə birinci saksafonçu və klarnetçi kimi dəvət edir. O, bu dəvəti qəbul edib, Rosnerin orkestrində ifa etməyə başlayır. Bir müddət Moskvada yaşayan sənətkar artıq ifaları ilə tanınmağa başlayır. O, dostları ilə birgə “Metropol” restoranında şam edərkən orada çıxış edən caz orkestrinin onu tanıması ilə səhnəyə dəvət olunur. Amerika klassiklərinin musiqilərini ifa edən Pərvizin istedadı restoranda iştirak edən amerikalıların diqqətini çəkir. Pərvizlə tanış olan amerikalılar onu Amerikaya dəvət edərək cazın vətənində təcrübə qazanmağı təklif edirlər. Bu dəvət üzrə səfirliyə müraciət etsə də, Pərviz Rüstəmbəyov mədəniyyət attaşesi ilə görüşə bilmir. Onun bu müraciəti həyatının və sənətinin sonunu gətirir. Səfirlikdən çıxan zaman sivil geyimli polislərin nəzarətinə düşən gənc musiqiçi, burada nə etməsi ilə bağlı suallara hər nə qədər sənəti üçün müraciət etdiyini bildirsə də, artıq o, repressiya qurbanlarından birinə çevrilmişdi. Tarixi və zamanını gözləməli idi…

 Bu vəziyyətdən narahat olan Pərviz Rüstəmbəyov məsələ ilə bağlı Tofiq Quliyevə məlumat verir. Tofiq Quliyev isə tezliklə Bakıya qayıtmalı olduğunu bildirir. O, Bakıya qayıtdıqdan sonra öz orkestrini yaradaraq əvvəlcə “Qırmızı Şərq”, sonra isə “Sənətkar” kinoteatrında fəaliyyətinə davam edir. Ancaq izlənilmədən azad ola bilməyən Pərviz Rüstəmbəyov 1949-cu ilin yanvar ayında “Qərbə pərəstişkarlıq” etməkdə təqsirləndirilərək işdən azad edilir. Uzun müddət işsiz qalan gənc cazmen kiçik restoranların birində işə düzəlir. Təəssüf ki, cəmi dörd ay işləyə bilir. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin hərbi prokuroru, ədliyyə mayoru milliyətcə erməni olan Ayriyanın göstərişi ilə Pərviz Rüstəmbəyov heç bir dəlil və sübut olmadan “anti-sovet və amerikapərəst əhval-ruhiyyəli şəxs adlandırılır. Onun amerikalıların tərzini, məişətini və incəsənətini təriflədiyini və sovet həqiqətlərini qaralayıb, əcnəbilərlə əlaqə saxladığını və qeyri-qanuni olaraq xaricə qaçmaq niyyətində olduğu ilə bağlı” müzakirə apararaq 15 il həbsə məhkum edilir. Çox qısa zamanda həbsdə qalan Pərviz Rüstəmbəyov 1949-cu ilin dekabrın 29-da müəmmalı şəraitdə dünyasını dəyişir. Onun harada dəfn olunması ilə bağlı heç bir məlumat yoxdur.

Gənc musiqiçinin anasının bir çox şikayətləri və müraciətlərinə baxmayaraq Pərviz Rüstəmbəyov haqqında açılmış cinayət işi dəlillərin çatışmazlığı səbəbindən ləğv edilərək işə xitam verilir.

Beləcə daha bir yaradıcı, istedadlı, Azərbaycan gənci Sovet repressiyasının qurbanı olur. Onun yaradıcılığından heç nə yadigar qalmasa da, 2002-ci ildə Lider televiziyasında ssenari müəllifi Nəriman Əbdülrəhmanlı, rejissoru Akif Arifoğlu olan “Vaxtın o Üzündə”, 2017-ci il dekabrın 22-də Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində ARB Aran Film Yaradıcılıq Mərkəzi tərəfindən ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədova olan “Ölümündən sonra məhkəmə” və 2022-ci il aprelin 10-da Azərbaycan Televiziyasında yayımlanan ssenari müəllifi və quruluşçu rejissoru Elnur Əliyev olan “Qətl planı” layihəsində sənətkarın həyatına həsr olunmuş filmlər çəkilib.

2016-cı ildə rəssam Vüqar Əli Azərbaycanının ilk cazmeni Pərviz Rüstəmbəyovun və bir çox azərbaycanlı və xarici cazmenlərin portretlərini çəkib. Bu portretlər Bakıda keçirilən Beynəlxalq Caz Festivalında fərdi sərgidə nümayiş etdirilib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM