NTV xəbər verir ki, bu gün tanınmış aktyor, rejissor, pedaqoq, Əməkdar artist Həsən Əblucun anadan olmasının 83-cü ildönümüdür. Onun efirdə görünməsi təkcə sənət hadisəsi deyil, həm də zövq, ustalıq və dərin duyğu aurasıdır. Azərbaycanın unudulmaz qiraət ustası Həsən Əbluca Tanrı elə bir səs bəxş etmişdi ki, həmin səs nə təkarlanır, nə də unudulur. Sənətkarın deyim tərzi onun səsinin rəngində, sözə yanaşma şəklində, daxili ritmində gizlənirdi. Poeziya və nəsr nümunələrini elə səsləndirirdi ki, dinləyici sanki həmin mətni ilk dəfə eşidirmiş kimi yaşayırdı.
1942-ci il aprelin 22-də Təbrizdə doğulan Həsən Əbluc hələ uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçür. Aktyorluğa marağı erkən yaşlarından üzə çıxsa da, atasının istəyilə Politexnik İnstitutuna qəbul olur. Lakin qəlbində yanan sənət sevgisi onu ikinci kursda bu yolu yarımçıq qoymağa və sənədlərini M.Əliyev adına Teatr İnstitutuna verməyə vadar edir. Burada böyük sənətkar Rza Təhmasibin kursunda oxuyur.
Tələbəlik illərindən səhnəyə maraq göstərən Həsən Əbluc “Adsız ulduz” tamaşasına verdiyi ilk quruluşla teatrın gələcək rejissorlarından biri olacağını göstərir. Sonralar Akademik Milli Dram Teatrının səhnəsində parlayan aktyor həm də pedaqoji fəaliyyətə başlayır – 30 il ərzində Azərbaycan Dövlət İncəsənət Universitetində yüzlərlə gənc aktyor yetişdirir.
Onun səsi yalnız teatrda deyil, radioda, dublyaj filmlərində, radio tamaşalarında da sevilirdi. Bu səs danışmırdı – hiss etdirirdi. Sözə verdiyi can, intonasiyasındakı ritm, duyğuya toxunan ahəng onu unikal edən cəhətlər idi. Rejissorlar əsas dublyaj rollarını ona etibar edir, dinləyicilər onun ifasında poeziyanı sanki ilk dəfə eşidirmiş kimi hiss edirdilər.
Həsən Əbluc təkcə aktyor deyil, həm də yazıçı idi – dram əsərləri və hekayələr yazır, sənətə bütün varlığı ilə bağlı olurdu. O, sənəti bir peşə yox, bir həyat tərzi kimi yaşayırdı. Öz işinə necə ciddi yanaşırdısa, həmkarlarından da eyni məsuliyyəti gözləyirdi.
Şəxsi həyatı da öz sənəti qədər maraqlı və dəyərlərlə zəngin idi. Tələbəsinə vurulan sənətkar əvvəlcə cavab ala bilməsə də, bu sevgi sonradan ailəyə çevrilir. Firəngiz xanımla qurduğu ailədə Elnaz adlı qız övladları dünyaya gəlir. Qızı Elnaz atasını həm müasir düşüncəli, həm qayğıkeş, həm də ilhamverici bir insan kimi xatırlayır.
1994-cü ilin martında – cəmi 51 yaşında qəfil ürək tutmasıyla həyatı yarımçıq qaldı. Amma yaratdığı obrazlar, səhnəyə verdiyi nəfəs, tələbələrinə ötürdüyü sənət ruhu bu gün də yaşayır.
Qardaşı, tanınmış rejissor Ənvər Əblucun çəkdiyi “Həsən Əbluc” sənədli filmi onun sənətə olan sevgisini, sənət dostlarının və tamaşaçıların yaddaşında necə yaşadığını əbədiləşdirir.
Bəli, bu səs unudulmadı. Çünki o, zamanla birləşdi. Həsən Əblucun səsi – nə qocalır, nə də sönür…